Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Hədəfimiz yaxşı təhsil almaq və peşəkar mütəxəssis kimi yetişməkdir”

Son illər qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Dövlət Universitetini (BDU) seçən abituriyentlərin sayı artır. Bu il BDU-ya qəbul olunan tələbələrdən 284-ü 600-dən yuxarı bal toplayıb. 6 nəfər isə qəbul imtahanlarında 670 baldan artıq nəticə göstərib. BDU ailəsinə yeni qoşulan “yaxşıların ən yaxşıları”nın təəssüratlarını təqdim edirik:
Hüquq fakültəsinin I kurs tələbəsi Nəcməddin Orucov (687 bal): “BDU-nun Hüquq fakültəsinin tarixi keçmişi və nüfuzu hər kəsə məlumdur. Gələcəkdə güclü mütəxəssis kimi cəmiyyətə fayda vermək, öz ixtisasım üzrə yaxşı biliyə yiyələnmək əsas məqsədimdir. Məncə, BDU hüquq təhsilinə görə birinci yerdədir”.
 


Hüquq fakültəsinin I kurs tələbəsi Aytac Həsənova (683 bal): “Öz üzərimdə çox işləyərək ixtisaslı kadr kimi yetişmək,  gələcəkdə tanınmış, məşhur hüquqşünas olmaq istəyirəm. BDU Azərbaycanın ən qədim və nüfuzlu universitetidir, Ümummilli lider Heydər Əliyevin məzunu olduğu universitetdə oxumaq mənim üçün şərəfdir. Düşünürəm ki, universitetdəki təcrübəli müəllimlərimiz də bizim yaxşı bir hüquqşünas kimi formalaşmağımıza böyük dəstək olacaq. Arzuladığım universitetə 683 balla qəbul olduğum üçün çox sevincliyəm, inanıram ki, BDU mənə çox şey verəcək”.
 
Hüquq fakültəsinin I kurs tələbəsi Murad Əsgərov (681 bal): “681 bal toplayanda BDU-nun Hüquq fakültəsinə qəbul olmağa inamım artdı. Təhsilimi müvəffəqiyyətlə başa vurmaq, 2-ci kursdan etibarən SABAH qruplarında təhsil almaq əsas hədəflərim sırasındadır. BDU-nu seçməyimdə Hüquq fakültəsində tədrisin ingilis dilində də olması, burada eyni ixtisas üzrə təhsil alan dostlarımın tövsiyəsi mühüm rol oynayıb. Məzun olduqdan sonra xaricdə magistratura təhsili almaq niyyətindəyəm. BDU kollektivinin və Hüquq fakültəsinin professor-müəllim heyətinin ilk gündən səmimi münasibəti xoş təəssürat oyatdı. Bütün I kurslara müvəffəqiyyət arzu edirəm”.
 
Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Alsu Mehdiyeva (677 bal): “İxtisasımla bağlı hədəfim müəllimlərimin mənə öyrətdiklərini öz şagirdlərimə aşılamağı, riyaziyyatı onlara sevdirməyi bacarmaqdır. BDU ölkəmizin ən yaxşı təhsil verən universitetlərindən biridir. Ölkəmizin ən güclü riyaziyyat müəllimlərindən biri kimi cəmiyyətə fayda vermək, təhsilimi magistratura, doktorantura səviyyələrində davam etdirmək istəyirəm. Xüsusilə rektor Elçin Babayev və dəyərli müəllimlərlə görüş məni çox sevindirdi. Bizə olan diqqət və qayğını gördükcə ən doğru qərarı verdiyimə bir daha əmin oluram. Bütün bunlara görə minnətdarlığımı bildirirəm. Çox xoşbəxtəm ki, 677 balla mən də BDU ailəsinin bir üzvü oldum”.
Hüquq fakültəsinin I kurs tələbəsi Elnur Behputov (673 bal): “BDU-nun Hüquq fakültəsinə 673 balla qəbul olmaqla abituriyent kimi ilk hədəfimə çatdım. Növbəti illər üçün əsas məqsədim bakalavriat pilləsini uğurla bitirib, hüquq sahəsində yaxşı kadr kimi yetişməkdir. Hüquq fakültəsinin mənə öyrədəcəklərinə güvənir və hədəflərimə çatacağıma inanıram. Gələcəkdə yaxşı hüquqşünas və hakim olmaq niyyətindəyəm. BDU-nun böyüklüyü və möhtəşəmliyi inanılmazdır. Geniş auditoriyalar, kitabxanalar, oxu zalları, geniş yaşıl həyət – burada oxumaq üçün bütün şərait yaradılıb”.
 
Hüquq fakültəsinin I kurs tələbəsi Şəhriyar Yusubov (670 bal) : “Hədəfim kamil bir insan kimi yetişmək və vətənimə layiqli, yararlı kadr olmaqdır. 670 balla BDU-nun Hüquq fakültəsinə qəbul olmuşam. Təhsilimi ingilis bölməsində alacağam. BDU Azərbaycanın ən böyük təhsil müəssisəsi və dünya universitetləri arasında yer tutmuş bir məkandır. Həmçinin hüquqi biliklərə yiyələnmək üçün möhtəşəm təhsil ocağıdır. Hədəfim universiteti əla qiymətlərlə bitirmək və xaricdə magistratura təhsili almaqdır. İlk təəssüratlar çox xoş idi. Çox sevinirəm ki, belə bir mühitə düşmüşəm. Məsul şəxslərin, müəllimlərin və tələbələrin isti münasibətini gördükdən sonra qərarımın yanlış olmadığına bir daha əmin oldum”.


Tarix: 19-09-2022, 22:30

Xəbəri paylaş