UFAZ-da birinci kurs tələbələri ilə Tanışlıq Günü keçirilib
Sentyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində bu il qəbul olmuş tələbələrlə Tanışlıq Günü keçirilib.
UFAZ-ın İcraçı Direktoru dosent Vazeh Əskərov qəbul olmaları münasibəti ilə tələbələri təbrik edib və onlara uğurlar arzulayıb. O, tələbələri fəal olmağa, universitetin yaratdığı fürsətlərdən maksimum yararlanmağa dəvət edib.
UFAZ-ın baş katibi Elizaveta Bydanova UFAZ-ın ADNSU və Strasburq universitetləri tərəfindən birgə idarə olunduğunu qeyd edib. Strasburq universitetinin tələbələrə verdiyi üstünlüklər barədə məlumat verib.
Tədris departamentinin müdiri və UFAZ-ın Frankofon karyera mərkəzinin rəhbəri Lətifə Nəsibova UFAZ-dakı tədris prosesi, daxili qaydalar, müəllim heyəti, paraktiki və nəzəri dərslər, laboratoriyalardan istifadə, qiymətləndirmə və imtahanlar barədə ətraflı məlumat verib. Yeni yaradılan karyera mərkəzinin tələbələrin bilik və bacarıqlarının inkişafında gördüyü işlər barədə iştirakçıları məlumatlandırıb.
Daha sonra müxtəlif ixtisas üzrə koordinatorlar tədris proqramları barədə tələbələri məlumatlandırıblar.
Yekunda UFAZ Tələbə Şurasının üzvləri universitetdəki tələbə klubları, müxtəlif dərnəklər və tədbirlər barədə yeni daxil olmuş tələbələrə məlumat veriblər. UFAZ-ın yuxarı kurs tələbələrindən hər yeni daxil olmuş tələbələrə bir kurator təyin olunacaq. Kuratorlar yeni gələnlərin universitetlə daha tez tanış olması üçün onlara birinci kursda bələdçilik edəcək və rastlaşdıqları problemlərin daha tez həll olmasına yardım edəcək.
UFAZ-a 2022-2023-cü tədris ilində 135 nəfər bakalavr pilləsinə qəbul olub. Onlardan 40 nəfər Kompüter elmləri, 35 nəfər Kimya mühəndisliyi, 31 nəfər Neft və qaz mühəndisliyi, 29 nəfər isə Geologiya və Geofizika mühəndisliyi ixtisası üzrə təhsil alacaq.
Tarix: 9-09-2022, 22:59