BDU və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı Dövlət Universiteti (BDU) ilə Təhsil və Elm Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova imzalayıb.
Mərasimdə çıxış edən rektor Elçin Babayev bu günün tək BDU üçün deyil, ümumilikdə ölkəmiz üçün şərəfli günlərdən biri olduğunu, zəngin tarixə malik olan Universitetin 103 yaşını qeyd etdiyini bildirib, bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. Universitetin əsas vəzifəsinin ölkəmiz üçün yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu vurğulayan rektor diqqətə çatdırıb ki, TKTA ilə imzalanacaq müqavilə BDU-da tədris prosesinin keyfiyyətinin daha da artmasına xidmət edəcək: “Agentlik təhsil müəssisələrinin akkreditasiyası, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınması, təhsil fəaliyyətinin lisenziyalaşdırılması və s. kimi mühüm funksiyaları yerinə yetirir. Biz bu müqavilə vasitəsilə TKTA ilə hüquqi əməkdaşlığın əsasını qoyuruq”.
TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova isə qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas missiyası təhsilin müxtəlif pillələrində keyfiyyətin təminatı sisteminin qurulmasıdır: “BDU öz qarşısına çox böyük hədəflər qoyub və bunun üçün lazımi potensiala malikdir. Əməkdaşlıq çərçivəsində səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulmasına, Universitetin yazılı sorğusu əsasında tərəflər arasında əlavə xidməti müqavilə ilə razılaşdırılacaq təhsil proqramlarının beynəlxalq akkreditasiyası üçün əlaqələndirici qismində dəstəyin göstərilməsi nəzərdə tutulur”.
Müqavilədə təhsilalanların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin inkişafına, təhsil proqramlarına dəstək göstərilməsi, qarşılıqlı şəkildə təlim, müsahibə və digər tədbirlərin təşkil edilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq da nəzərdə tutulur.
Tarix: 2-09-2022, 12:57