Bakı Şəhəri üzrə Təhsil İdarəsi: I sinfə qəbulla bağlı 45 min 930 elektron müraciət daxil olub
Avqustun 26-na (saat 17:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 45 min 930 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 8 min 124 elektron müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1549-u məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1258-i onlayn Alternativ qeydiyyat mərkəzlərində (vatsap müraciətləri), 5317-si sistemin “Əlaqə” bölməsində cavablandırılıb.
Qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.
Tarix: 26-08-2022, 18:00