Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək
2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil olunan məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyat prosesi davam edir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ müəyyən olunur. Bir gün ərzində 3 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlər arası fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir. Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.
Xatırladaq ki, avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilən məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib. Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq. Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.
Tarix: 6-08-2022, 14:23