“TEKNOFEST Azərbaycan”da uğurla iştirak edən BDU komandalarının üzvləri ilə görüş
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ilin 26-29 may tarixlərində Türkiyə Texnologiya Komandası, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında uğurla iştirak edən BDU komandalarının üzvləri ilə görüşüb.
Rektor çıxışında Azərbaycanla Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin daha bir parlaq nümunəsi olan “TEKNOFEST Azərbaycan”ın ölkəmiz üçün əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu festival ölkədə elm və texnologiyanın daha da inkişafına təkan verəcək.
Rektor BDU komandalarının festivalda iştirakını məqbul qiymətləndirib, komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra BDU-da yeni yaradılan Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib, tələbələri yeni təşəbbüslər irəli sürməyə çağırıb.
Tədbirin sonunda “TEKNOFEST Azərbaycan”da uğurla çıxış edən BDU komandalarının üzvlərinə təşəkkürnamə və fəxri fərmanlar verilib.
Qeyd edək ki, BDU-nun 9 komandası “TEKNOFEST Azərbaycan”ın final mərhələsində iştirak edib. Onlardan biri festivalda 2-ci, biri isə 3-cü yerə layiq görülüb.
Tarix: 7-07-2022, 13:03