BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü tədbiri keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcıları Azərbaycan, rus və ingilis dillərində Kollecin tarixi barədə məlumat veriblər.
BDU-nun prorektoru Əliş Əlimirzəyev məzunları təbrik edib, onlara uğurlar arzulayıb. O, Kollecin gördüyü işləri, Universitet ilə sıx əməkdaşlığı yüksək qiymətləndirib, məzunların gələcəkdə bacarıqlı mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına əmin olduğunu bildirib.
Kollecin direktoru Səhər Orucova əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, ölkəmizdə elmə, təhsilə verilən dəyərdən danışıb: “Ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev də elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərir. Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da daim təhsilin inkişafına böyük töhfələr verməkdədir”. Kollecin direktoru daha sonra 2021-2022-ci tədris ilində aparılan islahatlardan, nailiyyətlərdən danışıb.
Kollecin şöbə müdiri İradə Xudiyeva çıxışında məzunlara bəslənən ümidləri öz əməlləri ilə doğrultmaqlarını məsləhət görüb, onlara uğurlar diləyib.
Tədbirdə məzunların hazırladıqlarıvideoçarxlar nümayiş etdirilib. Kollecin ictimai-mədəni, kütləvi tədbirlərində, eləcə də təhsildə fərqlənən bir qrup məzuna təşəkkürnamələr verilib.
Rəsmi hissənin sonunda xatirə şəkli çəkilib, papaqlar və göyərçinlər havaya atılıb. Bədii hissədə tələbələr, məzunlar, gənc müğənnilər, musiqiçilər mahnılar səsləndirib, rəqs və karate qruplarının hazırladıqları nömrələr nümayiş etdirilib.
Tarix: 2-07-2022, 21:27