Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU ilə Prosol QSC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb



     İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Prosol” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, dosent Vazeh Əskərov, baş katib Elizaveta Bydanova, həmçinin Tədris departamentinin rəhbəri Lətifə Nəsibova, “Prosol” QSC-nin həmtəsisçisi və sədri Babək Ağayev və nümayəndə heyəti iştirak edib.
Kibertəhlükəsizliyin müasir dünyada önəmini vurğulayan rektor, professor M.Babanlı bu istiqamətdə universitetin mövcud potensialından, eyni zamanda çatışmazlıqlardan danışıb. Rektor M.Babanlı həmçinin “Prosol” şirkəti ilə yerli kiber mütəxəssislərin hazırlanması, dayanıqlı kibermühitin formalaşdırılması və daha da güclü xarakter alması istiqamətində görülə biləcək işlərdən söz açaraq, şirkətlə əməkdaşlıqda əlindən gələni əsirgəməyəcəyini deyib.
“Prosol” QSC-nin həmtəsisçisi və sədri B.Ağayev mümkün əməkdaşlıq əlaqələrinin qurulmasında sistematik yanaşmanın, eyni zamanda dayanıqlı yol xəritəsinin və kiberekosistemin vacibliyinə toxunub. Universitetlə əməkdaşlıqda maraqlı olduqlarını deyən B.Ağayev xarici kurrikulumlardan istifadə etməklə, həmçinin treninq mərkəzlərində gənclərə praktiki biliklər verməklə peşəkar yerli kiber mütəxəssislərin hazırlanmasının önəmindən danışıb.
Sonra tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, memorandumun əsas məqsədi qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu və faydalı ikitərəfli əməkdaşlıq qurmaqdır. Anlaşmaya əsasən tərəflər təlim və treninqlərin tədrisində, proqram və layihələrin həyata keçirilməsində, elmi-nəzəri və praktiki tədqiqatların aparılmasında, habelə tələbələrin təcrübə proqramlarına cəlb edilməsi sahəsində əməkdaşlıq edəcəklər.
Prosol QSC kibertəhlükəsizlik, kiberrisk, kibermüdafiə və kibermonitorinq xidmətləri sahəsində ixtisaslaşmış yerli şirkətdir.










Tarix: 7-06-2022, 22:17

Xəbəri paylaş