İdris İsayev: Ali məktəb tələbələrinin 46 faizi dövlət büdcəsi vəsaiti hesabına təhsil alır
Təhsildə keyfiyyətin artırılması qarşıda duran başlıca məqsədlərdəndir. Məqsəd həm də nəticəyönümlü işin ortaya qoyulmasıdır. Ali təhsil pilləsində əhatəliliyin genişləndirilməsi üçün əlavə tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin iyunun 6-da keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Ali təhsil pilləsində təhsil alan tələbələrin 46 faizinin dövlət büdcəsi vəsaiti hesabına təhsil aldığını vurğulayan İdris İsayev bildirib: “Ali təhsil pilləsində təhsil alan tələbələrin 54 faizi isə ödənişli təhsil alırlar. Ödənişli təhsil alan tələbələrdən də sosial həssas qrupa aid olanlar mövcuddur. Onların da vəsaitlərini dövlət büdcəsi ödəyir. Bunlar – keçmiş məcburi köçkünlər, şəhid ailələri, valideyn hüququndan məhrum olmuş və ya valideynini itirmiş, həmçinin I və ya II dərəcəli əlilliyi olan, sağlamlıq imkanları məhdud şəxslərdir. Onların sayı ali təhsildə toplam 17 min 400 nəfərdir. Baxmayaraq ki, ödənişli təhsil alırlar, ancaq onların təhsil haqqı xərclərini dövlət qarşılayır”.
Təhsil nazirinin müavinin sözlərinə görə, peşəyönümü məsələsi diqqətdə saxlanılır. “Peşəyönümü ilə bağlı 124 sinif seçmişik ki, burada həm orta təhsil verilir, həm də peşəyönümü öyrədilir", - deyə İdris İsayev bildirib.
O qeyd edib ki, hazırda yaz sessiyası üzrə təhsil tələbə kreditinin verilməsi davam edir. Bu günə olan məlumata görə, kredit alan tələbələrin sayı 6 mindən çoxdur. İlin sonunda kredit alan tələbələrin sayı 20 minə yaxın olacaq. Azərbaycanda tələbələr təqaüd sistemi ilə də əhatə olunurlar. Onların təqribən 50 faizi təqaüd alır.
Tarix: 6-06-2022, 17:12