"Təhsildə özəl biznesin rolu”
Mayın 31-də təhsil sahəsində sahibkarlıqla məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə beynəlxalq təcrübə və dövlət-özəl əməkdaşlığı müzakirə edilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilmiş “Təhsildə özəl biznesin rolu” mövzusunda ictimai müzakirəyə təhsil naziri Emin Əmrullayev də qatılıb.
Tədbirdə təhsil sahəsində fəaliyyət göstərən KOB subyektləri, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov ictimai müzakirənin məqsədi və təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, tədbirin təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ehtiyaclarının öyrənilməsi, sektora investisiya qoyuluşu və təhsildə dövlət-özəl tərəfdaşlığına dair müzakirələrin aparılması üçün keçirildiyini vurğulayıb.
Forumda çıxış edən təhsil naziri Emin Əmrullayev ölkəmizdə təhsilin inkişafı, bu sahədə görülən işlər, təhsilin biznes sahəsi kimi formalaşması və beynəlxalq təcrübə barədə danışıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, müxtəlif sahələrdə, o cümlədən təhsil sektorunda biznesin inkişafına dəstək göstərmək agentliyin fəaliyyət istiqamətlərindən biridir. Vurğulanıb ki, agentlik təhsil biznesi sahəsində əlavə təşviq mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının təkmilləşdirilməsinə, eləcə də mövcud resurslar çərçivəsində sektorda çalışan sahibkarlarla birlikdə onların layihələrinin icrasına dəstəyini davam etdirir. Agentlik KOB subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlərin hazırlanmasında təhsil sektorunda fəaliyyət göstərən KOB-ların potensialından da faydalanmaqda maraqlıdır.
Tədbir çərçivəsində yeni yaradılmış Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli təqdimatla çıxış edərək təşkilatın fəaliyyəti barədə məlumat verib.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən biznes subyektlərini maraqlandıran suallar cavablandırılıb.
Tarix: 31-05-2022, 23:19