UŞAQLAR GÜNÜNDƏ ŞƏHİD ÖVLADLARI UNUDULMADI...
44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq tarixində yeni səhifə açdı. Məhz bu döyüşlərdə qəhrəman Azərbaycan əsgərləri bir daha öz şücaətini nümayiş etdirərək, Vətənimizin müdafiəsinin əmin əllərdə olduğunu göstərdilər. Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini unutmamaq və daim yad etmək etmək hər bir azərbaycanlının borcudur.
Goranboy rayon Dəliməmmədli şəhər şəhid Mahmud Zeynalov adına tam orta məktəbin təşkilatçılığı və dəstəyi, ilə 44 günlük Vətən Müharibəsinin müqəddəs Şəhidlik zirvəsinə yüksəlmiş Şəhidlərimizin və Vətən müharibəsi əlillərinin övladları ilə milli, vətənpərvər ruhda maarifləndirici söhbətlər edərək onlara mənəvi dəstək olmaq məqsədi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Tarix yazanların yadigarları” adlı tədbir keçirilib.Tədbirdə Şəhid ailələri,Vətən Müharibəsi qaziləri, məktəbin kollektivi,tanınmış ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının – şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.
Dövlət Himninin oxunması ilə açıq edilən tədbiri giriş sözü ilə açan Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin direktoru Güntəkin Cəfərova tədbirdə iştirak edən şəhid ailələrini salamlamış, şəhidlərimizin xatirəsini əziz tutmalı olduğumuzdan, onların ailələrinə və bizə əmanət qalan övladlarına qayğı ilə yanaşmağın həm vətəndaşlıq borcumuz, həm də ən əsas vəzifə borcumuz olmasından söz açmış, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bu cür mənəvi dəstək ruhlu tədbiri həyata keçirməkdə əsas məqsədin Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və qazilərin həyat şəraitinin yaxşılaşdırılması və onların övladlarına diqqət və qayğı yönümündə gördükləri uğurlu işlərə İctimai dəstək olmaqla yanaşı vətəndaş cəmiyyəti töhvəsini verdiyini bildirmiş,Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə tədbirlərin əhəmiyyətinin danılmaz olduğunu qeyd etmişdir.Tədbirin təşkilatçısı Güntəkin Cəfərova qeyd edib ki, bu diqqət və qayğının hər bir uşaq öz gündəlik həyatında hiss etməkdədir. “Əziz balalar, sizə baxanda mən gələcəyimizi işıqlı, günəşli görürəm. Qoy aləmə bala səsi, gülüşü yayılsın. Siz gülün ki, cümlə-cahan da gülsün. Bayramınız mübarək”.
Tədbirdə digər çıxış edənlər Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış 44 günlük Vətən müharibəsinin xalqımızın şanlı tarixi olduğunu, tarixi zəfərimizin milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirdiyini bildiriblər. Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhidlərin ailələrinin daim xüsusi diqqət mərkəzində olduğunu vurğulayaraq, bütün şəhid övladlarının atalarının igidliklərinə görə qürur duymalı olduqlarını, Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını xatırlayacağını bildiriblər.
Tədbirdə çıxış edən şəhid Orxan Namazovun anası Nailə Məmmədova tədbirin təşkil olunmasından dolayı təşkilatçılara bütün şəhid ailələri və şəhid ailələrinin övladları adından minnətdarlığını bildirmişdir.
Tədbirin bədii hissəsində şəhid yadigarlarının ifasında şeir,mahnılar səsləndirilmiş, əyləncəli rəqs nümunələri nümayiş etdirilmişdir.
Tədbir müxtəlif cizgi film personajlarının və şən klounların uşaqları əyləndirən rəngarəng çıxışları ilə davam etmişdir.Tədbirdə şəhid övladları üçün hazırlanmış tort şirnisi kəsilib
Sonda tədbirdə iştirak edən uşaqlara tədbirin təşkilatçısı M.Zeynalov adına tam orta məktəbin direktoru Güntəkin Cəfərova və pedaqoji kollektiv tərəfindən hazırlanan müxtəlif hədiyyələr təqdim olunmuş, 44 günlük Vətən Müharibəsi qaziləri tərəfindən isə Güntəkin Cəfərovaya Azərbaycan Respublikasının bayrağı hədiyyə edilmişdir.
PS:Başqa uşaqlar, həmyaşıdlarınız ilbəil keçirilən bu bayramlarda böyüyəcək, siz artıq böyümüsüz
Gəzməyə aparacaqdı sizi bugün, amma atan ən tutarlı sözü Vətənə verib
Şəhid övladları!.. Başqa tanıtıma ehtiyac yoxdu. Şəhid adı özündə hər şeyi ehtiva edir. Kişilik, cəsurluq, igidlik, qeyrət, dönməzlik, mübarizlik… Onlar Vətən yolunda hər şeyi qurban verməyə hazır olanlardır. Can nədi ki! Onsuz da Vətənə nəzir edilib. Ailədən, övladlarından da keçirlər şəhidlik yolunu seçənlər. Nə bilirik, övladı darvazadan çıxan atasının ardınca qaçmayıb, “ata, demişdin, bu gün də qalacaqsan?!”, “ata, bəs bibigilə getməyəcəkdik?!”, “ata, gəzməyə aparacaqdın bizi!”, “ata, ata!.. söz vermişdin!..”
Yox, bala!.. Atan ən tutarlı sözü Vətənə verib. Kişi sözü verib; səni qoruyacam. Sinəmi sipər edəcəm. Düşmən ayağının sinənə dəyməsinə izn verməyəcəm!.. Kişilər sözündən dönmür, bala! Bəlkə də sən dünyaya gəlməmiş, hətta, özü də dünyaya gəlməmiş mayası yurd sevgisi ilə yoğrulub və əhd-peyman bağlayıb əzəli və əbədi sevgilisi – Vətənlə. Axı sən bu əhd-peymandan çox sonra doğulmusan. Necə pozsun əhdini?!. Əhdlər pozulmaz, bala!.. Sizin üçün çox çətin olacaq, şəhid balaları! Başqa uşaqlar, həmyaşıdlarınız ilbəil keçirilən ad günlərində böyüyəcəklər. Siz böyümüsünüz, artıq. “Yaşlı-başlı” igid oğlan, qızlar olmusunuz. Sizə daha illər lazım deyil. Bir anda böyüdünüz çünki. Şəhid atanızın tabutu başında qarşınızdakı neçə-neçə illəri arxada qoydunuz artıq. Yayın qızmarında isti göz yaşlarınız ürəyini yaxıb-qovurduqca böyüdünüz, yaşlandınız. Kəpənək balalar… Bir anda şahinə çevrildiniz. Hə… Vətənə sevdalanmaq belədi. Adi insanı şəhidə çevirir! Balasını da şəhid oğlu, şəhid qızına!
Bütün dünyada barış olsun,savaş yox!!!
Güc birlikdə, sevgi həmrəylikdədir!
Qələbəmiz əbədi və əzəli!
Gününüz mübarəkdir "Tarix yazanların yadigarları!"
Aygül Bağırova
AJB üzvü
Tarix: 1-06-2022, 23:04
Xəbəri paylaş