ADNSU ilə “NetСad” şirkəti arasında anlaşma memorandumu imzalanıb
Mayın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “NetСad” şirkəti ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, həmçinin NetCad şirkətinin baş icraçı direktoru Bahadır İlgac və nümayəndə heyəti iştirak ediblər.
NetCad şirkətinin baş icraçı direktoru Bahadır İlgac Netcad haqqında təqdimatla çıxış edib. Şirkətin gördüyü işlər və həllər haqqında ümumi məlumat verib.
Şirkətin Strategiya və Biznes Tərəfdaşlıqları şöbəsinin baş direktoru Banu İlker, menecer Sercan Demirel şirkət haqqında iştirakçılara ətraflı məlumat verib, məhsullar, texnologiya və innovativ layihələr haqqında geniş təqdimatla çıxış ediblər.
Şirkətlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin olduğunu deyən rektor, professor M.Babanlı bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib və gələcək perspektivlərə hesablanmış bütün layihələrdə birgə iş aparılmasının önəmini vurğulayıb.
91 ölkə ilə əməkdaşlıq əlaqələrinin olduğunu deyən NetCad şirkətinin baş icraçı direktoru B.İlgac birgə akademik işbirliyinin əhəmiyyətindən danışıb və univeristetlə müxtəlif istiqamətlərdə əməkdaşlığa hazır olduqlarını deyib.
Sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, memaranduma əsasən 2022/2023-cü tədris ilindən Geoloji-kəşfiyyat fakültəsinin 4-cü kurs tələbələrinə NetCad şirkətinin proqramları çərçivəsində təlimlərdə iştirak etmiş ADNSU müəllimləri tərəfindən tədris planına uyğun olaraq proqramlaşdırma ilə bağlı dərslər keçiriləcək.
Tarix: 18-05-2022, 17:28