MEK-də Heydər Əliyev və Azərbaycan multikulturalizmi mövzusunda lektoriya keçirilib
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) keçirilən növbəti lektoriya “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusuna həsr olunub.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev Azərbaycanda multikulturalizmin dərin köklərinin olduğunu söyləyib, bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyev müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik, tolerantlıq ənənələrini inkişaf etdirərək onu yeni mərhələyə qaldırıb.
“Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyasının hazırlanmasına, təbliğinə diqqət göstərməklə Azərbaycanda tolerantlıq və multikulturalizmin sürətlə inkişaf etməsinə geniş şərait yaratdı. Müasir mərhələdə azərbaycançılıq ideologiyası Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları həmrəylik nümayiş etdirərək, düşmən üzərində parlaq qələbə qazanmaqla birliyimizi dünyaya nümayiş etdirdi”, - deyə Məmməd Əliyev bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan multikulturalizminin xalqımızın mənəvi sərvəti hesab olunduğunu qeyd edib: “Azərbaycan daim çoxmədəniyyətli dövlət, mədəniyyətlərin və dinlərin qovuşduğu bir məkan olub. Bu ənənə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə siyasi müstəviyə qaldırıldı və qlobal səviyyədə təbliğ olunmağa başlanıldı. Azərbaycan multikulturalizm modeli uğurlu olmaqla dünya dövlətləri bu modeli əsas götürürlər”.
Milli Məclisin deputatı Vüqar İskəndərov görkəmli dövlət xadimi Heydər Əliyevin hər zaman Azərbaycanın çoxmillətli ölkə olaraq etnik rəngarəngliyə və tolerantlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru İlham Məmmədzadə multikulturalizmin siyasi müstəvidə təbliğini Prezident İlham Əliyevin strategiyası olmaqla Azərbaycanın uğuru adlandırıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı bildirib ki, müxtəlif dinlərə mənsub insanların yaşadığı ölkəmizdə heç zaman dini zəmində qarşıdurma olmayıb. Bunun özü həm multikultural münasibətlərin yüksəkliyi, həm də dini tolerantlıq modelinin mövcudluğunun göstəricisidir.
Tədbirdə digər çıxış edənlər müasir müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə multikultural dəyərlərin yeni inkişaf mərhələsinə qədəm qoyaraq geniş vüsət aldığını vurğulayıblar.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı sərgiyə baxıblar. Sərgidə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda multikulturalizmin inkişafı istiqamətində gördüyü işləri özündə əks etdirən nəşrlər, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın mədəni irsinin qorunması, bütün dünyada daha geniş və ən yüksək səviyyədə təbliğindən bəhs edən kitablar yer alıb.
Tarix: 4-05-2022, 19:30