Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim edilib
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinin ictimaiyyətə təqdim edilməsi məqsədilə Gəncə Şəhər Təhsil İdarəsinin inzibati binasında tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Sonra tədbir Gəncə Şəhər Təhsil İdarəsinin inzibati binasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Təqdimatda təhsil nazirinin müavini Muxtar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, təhsil işçiləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Regional Təhsil İdarələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, yeni idarəçilik sisteminə keçiddə məqsəd təhsil sahəsində səmərəliliyin artırılması, təhsilin dövlət standartlarına uyğun həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə nəticələri daha yüksək etməkdir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxışında yeni təyin olunan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirini təbrik edərək, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev kollektivə təqdim olunub.
“Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin qarşısında böyük bir məsuliyyət dayanır. İlk növbədə biz Prezidentin, sonra isə təhsil naziri başda olmaqla, nazirliyin bizə göstərdiyi yüksək etimadı doğrultmağa çalışacağıq. Bizim ilk işimiz qısa, orta və uzun müddətli strateji plan hazırlamaq olacaq. Bizim qarşımıza qoyulan əsas vəzifələrdən biri də idarəetmənin optimallaşdırılmasıdır. İnanıram ki, qısa müddət ərzində qarşımıza qoyulan bütün işlərin öhdəsindən gələcəyik,”- deyə A. Qədiməliyev bildirib.
Tarix: 4-05-2022, 14:00