Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri təhsil ictimaiyyətinə təqdim olunub




Mayın 4-də Şəki şəhərində yeni yaradılmış Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin bölgənin təhsil ictimaiyyətinə təqdim edilməsi münasibətilə mərasim keçirilib. Tədbirdə Təhsil Nazirliyinin məsul şəxsləri, Şəki-Zaqatala bölgəsinə daxil olan 6 rayonun təhsil strukturlarına daxil olan müəssisələrin rəhbər və əməkdaşları, təhsil işçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki şəhər 11 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək, regional təhsil idarələrinin yaradılmasının zəruriliyi və idarələrin qarşısında duran vəzifələr barədə geniş məlumat verib.
Nazirliyin rəsmisi bildirib ki, 2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib. Həmin Strategiyada 5 strateji fəaliyyət istiqaməti nəzərdə tutulub və onlardan biri məhz idarəetmənin təkmilləşdirilməsi ilə bağlıdır. Strategiyada ən yeni texnologiyalara əsaslanan, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik olan, maliyyə və insan resurslarını vahid təhsil siyasəti ətrafında cəmləşdirən bir sistemin yaradılması qarşıya bir vəzifə olaraq qoyulub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci 20 dekabr tarixli Sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. Onlardan biri də Şəki-Zaqatala Regional Təhsil İdarəsidir. Təhsil nazirinin “Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi” barədə əmrinə əsasən, regional idarə Şəki şəhərində fəaliyyət göstərəcək və mərkəz kimi bu şəhər müəyyən olunub. Bu təhsil idarəsinə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları üzrə həm təhsil müəssisələri, həm də ki, idarəetmə strukturları daxil edilib. Regional Təhsil İdarəsinin tərkibinə 205 uşaq bağçası, 365 ümumtəhsil və 12 məktəbdənkənar təhsil müəssisəsi daxildir. Regional idarənin tabeliyində olan təhsil müəssislərində 10 minə yaxış şagird, yəni təhsilalan və 18 min işçi var. Regional Təhsil İdarəsində 32 ştat olacaq. Bundan əlavə, Balakən rayonu üzrə təhsil sektorunda 6, Qax rayonu üzrə təhsil sektorunda 5, Qəbələ rayonu üzrə təhsil sektorunda 7, Oğuz rayonu üzrə təhsil sektorunda 4, Şəki rayonu üzrə təhsil sektorunda 10, Zaqatala rayonu üzrə təhsil sektorunda isə 7 ştat vahidi olmaqla, ümumilikdə, Şəki Zaqatala Regional Təhsil İdarəsi üzrə 71 ştat nəzərdə tutulub.
Sonra Fərzəli Qədirov regional təhsil idarələrinin qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, əsas vəzifələrdən biri təhsilin keyfiyyətinin yüksəldilməsidir. Digər məsələ ölkədə vahid təhsil siyasətinin həyata keçirilməsidir. “Bilirsiniz ki, təhsil siyasəti ölkə rəhbərliyi tərəfindən müəyyən olunur. Həm Təhsil Nazirliyi, həm də yerli idarəetmə orqanları bu siyasəti həyata keçirir. Ölkədə təhsilin keyfiyyət səviyyəsi də məhz həmin o müəyyənləşdirilmiş siyasətin necə həyata keçirilməsindən çox aslıdır. Biz əminik ki, regional təhsil idarələri vahid təhsil siyasətinin həyata keçirilməsi istiqamətində bütün tədbirləri görəcək və tezliklə onların nəticəsini hiss edəcəyik. Biz gözləyirik ki, regional idarələrin yaradılması ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə ciddi təsir göstərəcək, müəllimlərin peşəkarlıq səviyyəsinin davamlı şəkildə artırılması ilə bağlı bir sistemin reallaşdırılmasına gətirib çıxaracaq”,- deyə F.Qədirov vurğulayıb.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək, idarənin qarşısında duran prioritet istiqamətləri, vəzifələri, görüləcək işləri diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də çox böyük dəyişikliklər baş verir. Bu dəyişikliklərin əsas məqsədi və hədəfi yalnız inkişaf, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemi yaratmaq, təhsilin keyfiyyət göstəricilərinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutmaqdan ibarətdir.
Elxan Abdullayev bölgənin təhsil işçiləri adından çıxış edərək, yeni yaradılmış regional təhsil idarəsinin rəhbər və əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Tarix: 4-05-2022, 16:58

Xəbəri paylaş