Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər
Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım məktəb binasında yaradılan şəraitlə tanış oldular.
Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov məktəb haqqında məlumat verdi.
Bildirildi ki, yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün göstəriş verib. 2020–ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisinə başlanılıb. İndi isə 960 şagird yerlik 304 nömrəli məktəb kürdəxanılı şagirdlərin istifadəsinə verilir.
Xatırladaq ki, Kürdəxanı qəsəbəsinin əhalisinin ümumi sayı 15 min 120 nəfərdir. Burada əhali sayının artması yeni iş yerlərinin, tibb, təhsil ocaqlarının tikilməsini və digər infrastruktur layihələrinin həyata keçirilməsini zəruri edir. Qəsəbədə tikilən yeni məktəb binasını Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin sosial iqtisadi inkişafı ilə bağlı görülən işlərin davamı hesab etmək olar. Son dörd il yarımda Sabunçu rayonu üzrə yeni inşa edilən, əsaslı təmir olunan və əlavə korpuslar tikilən məktəblərin sayı 13-dür. Kürdəxanı qəsəbəsindəki 304 saylı tam orta məktəb isə sayca 14-cüdür.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.
Tarix: 2-05-2022, 21:00