AzMİU “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa İli” tədbirləri çərçivəsində aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə “Fairmont Baku” otelində “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirib. Konfrans Azərbaycan memarlıq irsinin qorunması və istifadəsinin geniş spektrli problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunub.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayaraq işğaldan azad olunmuş torpaqlarımızda başlayan genişmiqyaslı quruculuq və abadlıq işləri barədə məlumat verib. Rektor qeyd edib ki, yenidənqurma işləri ilə yanaşı, həmin ərazilərdə ötən əsrlərdən yadigar qalan, tariximizi yaşadan və təəssüf ki, 30 illik işğal dövründə düşmənlərimiz tərəfindən məhv edilən, saxtalaşdırılan memarlıq abidələrimizin bərpası, memarlıq və şəhərsalma irsinin mühafizəsi qarşıda duran ən mühüm vəzifələrdəndir.
Rektor çıxışında memarlıq irsinin qorunub saxlanmasına cavabdeh olan beynəlxalq təşkilatların işğal olunmuş rayonlarda mədəni irsin məhv edilməsinin dayandırılması ilə bağlı Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına məhəl qoymamasına, mövcud vəziyyətdə heyrətamiz biganəlik nümayiş etdirməsinə də toxunub. “30 ildən sonra Azərbaycan dövləti tarixi ədaləti bərpa edərək ona məxsus olan əraziləri geri qaytardı və bütün dünya Qarabağda, Şərqi Zəngəzurda memarlıq irsinin, ümumiyyətlə, bütün şəhərsalma infrastrukturunun qəsdən məhv edilməsi faktını öz gözləri ilə gördü, bu ərazilərə sahib olduqları 30 ilə yaxın müddətdə ermənilər bütün tarixi-memarlıq abidələrini dağıdıblar, şəhərləri yer üzündən siliblər. Beynəlxalq konvensiyaları, xüsusilə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasını və ona dair Protokolları, habelə YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” Konvensiyasını pozaraq, işğalçılar memarlıq abidələrini dağıdıb və ya “erməniləşdirmək” məqsədi ilə saxtalaşdırıb, tətbiqi sənət abidələrini ölkədən kənara çıxarıb, sonradan özlərininki kimi təqdim ediblər”.
Açılış sessiyasında iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı, Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin səlahiyyətlərini icra edən Azad Cəfərli konfransın əhəmiyyətini xüsusi qeyd edərək onun çox mühüm mövzuya həsr olunduğunu vurğulayıblar. Nazir müavini F.Qurbanov işğaldan azad olunmuş torpaqlarımızda başlayan abadlıq-quruculuq işlərinin başlandığı bir dönəmdə keçirilən bu konfransın həmin işlərə böyük töhfə verəcəyinə ümidvar olduğunu deyib.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə idarənin tabeliyində olan abidələrin bərpası ilə bağlı görülən işlər haqqında danışıb.
Plenar iclasda universitetin rektoru Gülçöhrə Məmmədova “Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mədəni irsə qarşı həyata keçirilmiş vandalizm”, İtaliya Mədəniyyət Nazirliyinin sabiq nümayyəndəsi, bərpa və müharibədən sonrakı beynəlxalq ssenarilər üzrə ekspert və 2016-2018-ci illərdə Azərbaycanın milli mədəni irsin qorunması sisteminin modernləşdirilməsi ilə bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin müşaviri Alessandro Bianki “Qarabağın azad edilməsi. Azərbaycan irsinin qorunması və idarə olunması sahəsində irəliləyiş fürsəti” mövzusunda məruzələrlə çıxış ediblər.
“Şuşanın memarlıq irsi”, “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsinin bərpası və qorunması problemləri”, “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsinin bərpası və qorunması problemləri” , “Mədəni irsin idarə olunması
tarixi memarlıq irsinin qorunmasında yeni texnologiyalar”, “Tarixi şəhərlərin müasir inkişafı” kimi mövzuları əhatə edən konfransda 50-ə yaxın məruzə dinlənilib. Bunlardan 20-si Türkiyə, İtaliya, Qazaxıstan, Çin alimləri tərəfindən təşkilat komitəsinə təqdim edilmiş məruzələr olub. Konfrans hibrid – həm onlayn, həm də əyani formada keçirilib.
Tarix: 22-04-2022, 15:38