Mühəndis heyətinin intellektual potensialı Azərbaycanın strateji resursudur
Azərbaycan Mühəndislik Akademiyası milli mühəndis kadrlarına arxalanaraq, ölkənin davamlı inkişaf strategiyasının hazırlanmasına və təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Akademiya öz sıralarında aparıcı elmi-tədqiqat təşkilatlarının və ali məktəblərin elmlər doktorları və namizədlərini, professor və dosentlərini, mühəndislik elmi istiqamətlərinin yaradıcılarını birləşdirir. Akademiyanın üzvləri arasında Dövlət Mükafatı laureatları, əməkdar elm və texnika xadimləri və digər fəxri adların sahibləri var. Hazırda Azərbaycan Mühəndislik Akademiyasının həqiqi və müxbir üzvlərinin sayı 45 nəfərdir ki, bunlardan da 24 nəfəri akademik, 21 nəfəri müxbir üzv, 1 nəfəri akademiyanın fəxri üzvüdür və 4 nəfər isə akademiyanın əcnəbi üzvüdür.
Bu fikirlər Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayevin “Mühəndis heyətinin intellektual potensialı Azərbaycanın strateji resursudur” məqaləsində yer alıb.
AZƏRTAC məqaləni təqdim edir.
Elm və texnologiya hər zaman cəmiyyətin inkişafının mühərriki, milli iqtisadiyyatın, innovasiyaların və elmi-texniki tərəqqinin təməli olaraq qalır. Alimlər və mühəndislərin praktik tədqiqatlarının inkişafı bu gün qeyd-şərtsiz dövlət prioritetidir. Qeyd etmək lazımdır ki, Azərbaycan mühəndislik elminin tarixində – bir çox tanınmış adlar, kəşflər və nailiyyətlər var.
Məlum olduğu kimi, Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramı həyata keçirilir. Azərbaycanda müasir kosmik sənayenin inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı telekommunikasiya peyklərinin orbitə çıxarılması anından bəri, 2008-ci il noyabrın 4-dən qoyulub. Bu tarixdə orbitə təxminən 154 televiziya kanalı və 30-dan çox radiostansiyanın yayımlanmasını təmin edə bilən telekommunikasiya peyki buraxıldı. Cənubi Qafqazda aparıcı peyk operatoru “AzərKosmos”dur. “AzerKosmos” tərəfindən idarə olunan “AzerSpace-1” və “AzerSpace-2” telekommunikasiya peykləri Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Orta Asiyadakı müştərilərini yüksək etibarlı, genişzolaqlı və genişyayımlı həllər ilə təmin edir. Yer səthinin məsafədən zondlaşdırması peyki “AzerSky” yüksək göstərici ilə (1,5 m təsviri) Yerin müşahidəsi və geoinformasiyası üçün keyfiyyətli xidmətlər göstərir.
Azərbaycan Mühəndislik Akademiyası “Azərbaycan Hava Yolları” (AZAL) QSC ilə birgə aviasiya sahəsində kadrların peşəkarlıq səviyyəsinin inkişafı və təkmilləşdirilməsi, maddi-texniki bazasının genişləndirilməsi istiqamətində fəal işlər aparır. Azərbaycan Milli Aviasiya Akademiyasında yerləşən Pilotların Hazırlıq Mərkəzi Azərbaycan mülki aviasiyası kadrlarının hazırlanması üçün əsas baza hesab olunur.
AZAL-ın Pilotların Hazırlığı Mərkəzində “Embraer E-190” tipli təyyarələrdə uçuşların simulyasiyası üçün son nəsil təlim trenajor kompleksi quraşdırılıb. Bu kompleks Azərbaycanın Milli Aviadaşıyıcısının pilotlarına xaricə getmədən ölkəmizdə hazırlıq keçmələrinə imkan verəcək. “EMB190-100” tipli trenajor vasitəsilə uçuş zamanı təyyarənin kabinəsi, uçuş dinamikası və ətrafın görünmə dərəcəsi real həyatda olduğu kimi əks olunur. Bu, pilotlara təlimi uğurla başa vurduqdan sonra yeni tip hava gəmiləri üçün lisenziya almağa və ya yenidən hazırlıq keçməyə imkan verir. “FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator” tipli yeni trenajor kompleksi Milli Aviasiya Akademiyasında (MAA) quraşdırıldıqdan sonra, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən uğurla sertifikatlaşdırılaraq trenajorlar üçün ən yüksək “D” səviyyəsinə uyğun olduğunu təsdiqlədi. Sertifikatlaşdırma prosesi zamanı EASA tərəfindən 170-dən çox keyfiyyət və uçuş proseduru üzrə testlər yoxlanıldı. Trenajorun bütün sistemlərinin real hava gəmisi ilə uyğunluğu yoxlanıldı. Bu kompleksdə təkcə Azərbaycan pilotlarının deyil, xarici aviaşirkətlərin pilotlarının da təlim keçəcəkləri nəzərdə tutulur.
“AZAL”ın Pilotların Hazırlıq Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir və nəzəri və təcrübi hazırlıq şöbələrindən ibarətdir. Nəzəri təlim şöbəsi hər il 300-dən çox ixtisasartırma kursunda 7000-dən çox mülki aviasiya mütəxəssisinin iştirakını təmin edir. Təcrübi təlim şöbəsində peşəkar təyyarəni idarəetmə bacarıqlarının əldə edilməsi və saxlanılması üçün çox vacib olan Airbus A319/320, Boeing 757/767, ATR-42/72, eləcə də Mi-8AMT helikopteri üçün uçuş trenajorları fəaliyyət göstərir.
Milli Aviasiya Akademiyasında trenajor kompleksinin quraşdırılması məqsədilə beynəlxalq pilotların hazırlığı mərkəzlər üçün irəli sürülən ən son tələblərə uyğun olaraq Trenajor kompleksinin yeni binası inşa edilib. Trenajor kompleksinin istehsalçısı Amerikanın məşhur “FlightSafety International” şirkətidir.
Azərbaycan Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Tələbə Yaradıcılıq Evi (Texnopark) tədqiqatçılar, tələbələr, magistr və doktorantlar, eləcə də mütəxəssislərə sənaye və biznes üçün yeni həllər işləyib hazırlamağa imkan verəcək ki, bununla da elm, texnologiya və avadanlıq sektorunu sənaye və iş dünyasına daha da yaxınlaşdıracaq. Çoxillik təcrübənin göstərdiyi kimi, universitetlərin mühəndislik ixtisasları üzrə təhsil proqramları, əsasən texniki fənlər çərçivəsində formalaşır, lakin əldə edilən biliklər hər zaman kifayət etmir. Mənim fikrimcə, Tələbə Yaradıcılıq Evi ixtisaslar üzrə biliklərdən başqa, həmçinin yeniliklərə daha tez uyğunlaşmaq, özünə inamlı olmaq, qərar qəbul etmək və praktik bacarıqlara sahib olmaq kimi imkanlar da verəcək. Düşünürəm ki, mühəndislik ixtisaslarının hazırlanmasına belə yanaşma müasir mühəndisin nüfuzunu xeyli artıracaq.
Qeyd edək ki, ölkənin sənaye sektorunda fəaliyyət göstərən bir çox müəssisələr laboratoriya sınaqları və ölçmələri ölkədən kənarda aparmağa məcbur olurdu. MAA-nın nəzdindəki Texnopark artıq lazımi sınaqların Azərbaycanda keçirilməsinə imkan verəcək. Texnopark beynəlxalq standartlara cavab verən müasir tipli yeni mühitdə işləyəcək və xarici təcrübədən istifadə edəcək.
Texnopark yeni tədqiqatçı və mütəxəssislər nəslinin formalaşması üçün, eləcə də universitetin özəl sektorla əməkdaşlığı, texnologiya transferinin həyata keçirilməsi, elmi işlərin kommersiyalaşdırılması, startap və biznes-ideyaları üçün “biznesdə nəzəriyyə” prinsipinin həyata keçirilməsi üçün geniş imkanlar açır.
Kənd təsərrüfatı və ekologiya sahəsində - nanotexnologiyadan istifadə etməklə əldə edilən mineral gübrələrin tətbiqi və istehsalatda istifadəsini qeyd etmək yerinə düşər. Bu növ gübrələrin və resursa qənaət edən suvarma texnologiyalarının praktikada paralel tətbiqi Azərbaycanın düzənlik rayonları şəraitində hər hektardan 51 sentner səviyyəsində taxıl məhsulu əldə etməyə imkan verir. Mühəndislik Akademiyasının alimləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrində silikat gübrələrindən (nanoborular şəklində təmiz silikat və silikat dioksid) istifadə etməklə təcrübələr aparıb və onların Qobustan yumşaq buğda növünün məhsuldarlığına təsirini öyrəniblər.
Müəyyən edilmiş müddət ərzində təklif olunan rayonlaşdırılma modelləri əsasında diferensiallaşdırılmış suvarma texnologiyalarından istifadə etməklə aparılan tarla təcrübələri hazırlanmış matrisin davamlı xarakterini təsdiq edib. Tətbiq olunan modellər kənd təsərrüfatı torpaqlarının şoranlaşması proseslərini dayandırmaqla yanaşı, antropogen təsir nəticəsində istehsaldan çıxarılan torpaqları da əkin dövriyyəsinə qaytarmağa imkan verir. Azərbaycan üçün bu məsələ ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından prinsipial əhəmiyyət kəsb edir.
İnfrastrukturun və logistik inkişafın Azərbaycan iqtisadiyyatı üçün son dərəcə vacibliyini nəzərə alan Azərbaycan Mühəndislik Akademiyasının üzvləri də bu layihələrdə fəal iştirak ediblər. Sektorda şirkətin və onun tərəfdaşlarının sənaye sahələrində demək olar ki, bütün proseslərin dərindən və yenidən qurulmasını tələb edən yeni islahat hazırlanır.
Azərbaycanın hava nəqliyyatı tarixində “Silk Way West” yükdaşıyıcısı xidmət şirkətinin dünya liderlərindən biri səviyyəsinə qədər inkişaf etməsi üçün uğurlu və genişmiqyaslı proqram nümunəsi hesab olunur. Boeing korporativ reytinqi Azərbaycan yükdaşıyıcısı “Silk Way West”i təyyarə parkının sayı, coğrafi əhatə dairəsi və yüklərin həcminə görə ən sürətlə inkişaf edən aviaşirkət kimi tanıyır. Bu gün biz bu üç meyar üzrə Avropada üçüncü yerdəyik. “Silk Way West” hər ay 50-dən çox istiqamətə - Avropa, Asiya, Şimali və Cənubi Amerikaya 250-yə yaxın müntəzəm və çarter reysləri həyata keçirir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Mühəndislik Akademiyası üzvlərinin iştirakı ilə yol-nəqliyyat infrastrukturunun bütün üstünlüklərindən istifadə edir: Ələtdəki beynəlxalq liman, regional nəqliyyat-logistika mərkəzləri, bərpa edilmiş və modernləşdirilmiş “Bakı-Böyük Kəsik” və “Bakı-Yalama” dəmir yolları, “Bakı-Tbilisi-Qars” beynəlxalq dəmir yolu marşrutları mövcuddur. Dəmir yol nəqliyyatı parkı yenilənib, bütün yollarda alternativ cərəyandartma sisteminə keçid təmin edilib ki, bu da yük qatarının orta kütləsini artırmağa imkan verir.
2021-ci ilin noyabr ayında istifadəyə verilən dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün Biləcəri deposu qatarların vaxtında təmirini təmin edəcək. ADY-nin lokomotivlərinin 90 faizi elektrik dartısı ilə hərəkət edir və bu səbəbdən ADY dəyişən cərəyan istifadəsini genişləndirməyi planlaşdırır. Bunun üçün 12 dartı yarımstansiyası tikilib və 768 kilometr kontakt şəbəkəsi yenidən qurulub.
“Horadiz-Ağbənd” dəmir yolu xətti istifadəyə verilib və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama (Rusiya sərhədi) dəmir yolunun modernləşdirilməsi üzrə işlər planlaşdırılır.
Avrasiya tranzitinin Qafqaz-Xəzər qovşağının inkişafı üçün, Azərbaycan və onun tərəfdaşları üçün ən optimal ssenari – bütün meridian və enlik istiqamətləri üzrə vahid idarəetmə logistika şirkətinin yaradılmasıdır. Marşrutun yerləşməsinin coğrafi şəraitinin obyektiv halları bir o qədər də əlverişli deyil - Xəzərdə konteynerin Çindən Avropa İttifaqı sərhədinə qədər gedən yolda ən azı iki, hətta üç daşınma (əgər yük bundan sonra da Qara dəniz boyu gedirsə) ilə baş tuturdu. Əlbəttə, vəziyyəti “Bakı-Qars” magistral yolunun mövcudluğu və burada “ADY Container” törəmə şirkəti tərəfindən təmsil olunan aparıcı operatorun olması asanlaşdırır. Bu baxımdan bölgədə ən inkişaf etmiş və güclü olan Azərbaycan logistika xidmətləri infrastrukturu Rusiya Dəmir Yolları üçün sərfəli tərəfdaşdır.
Azərbaycanın enerji sektorunda akademiyamızın üzvləri Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP, “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi) qlobal layihəsində iştirak edirlər. TANAP Xəzər “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazın Türkiyəyə və bu ölkədən də Avropaya tədarükünü təmin edir. Trans-Anadolu Qaz Boru Kəməri XXI əsrin enerji tarixinə düşəcək böyük bir layihədir. TANAP yeddi ölkəni birləşdirdi: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya. Güman edilir ki, növbəti mərhələdə Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da ona qoşulacaq. İki ildən sonra onun ardı olaraq Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsi istismara veriləcək. TAP marşrutu Albaniya və Adriatik dənizindən keçərək Türk-Yunan sərhədindən İtaliyanın cənubu boyunca uzanır. “Cənub” Qaz Dəhlizi Xəzər regionu ilə Avropa ölkələrinin bazarları arasında enerji körpüsü olacaq və Avropaya enerji tədarükünün şaxələndirilməsinə kömək edəcək. Azərbaycanın “Şahdəniz” qaz kondensat yatağının ikinci fazasının işlənməsi “Cənub” Qaz Dəhlizi boyunca tədarük üçün əsas mənbəyə çevriləcək.
“Azərenerji” Səhmdar Cəmiyyəti Azərbaycan Mühəndislik Akademiyası üzvlərinin iştirakı ilə Cənubi Qafqaz bölgəsində ən yüksək faydalı iş əmsalına malik olan “Suqovuşan” kiçik su elektrik stansiyası inşa edib.
Neft-kimya texnologiyaları sahəsində Akademiyanın alimləri və mühəndisləri hidrogen sulfid və karbon qazı olan neft və qaz yataqlarının lay sularında metalın qorunması üçün korroziya inhibitorlarının yeni tərkibinin hazırlanması üzərində işləyirlər. İnhibitorları işləyib hazırlayarkən neft-kimya sintezi üçün xammal mənbəyi kimi təbii və sintetik doymamış üzvi turşulardan istifadə edilib. Lay sularında karbon dioksidlə doymuş metalı qoruya bilən, çoxfunksiyalı və yüksək effektiv korroziya inhibitorları əldə edilib.
2009-cu ildə təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalı sistematik olaraq beynəlxalq standartlara uyğun formatda yenilənir. 2021-ci ildə jurnal “International Scientific Indexing” (ISI) və “Scientific Journal Impact Factor” (SJIF) Beynəlxalq Elmi Sitatlaşma Məlumat Bazalarına daxil edilib, sertifikatlar alıb. 2021-ci il üçün jurnala verilən impakt faktor ISI - 1,327; impakt faktor SJIF - 8,38-dir. Bundan əlavə, jurnal “Creative Commons Attribution – NonCommercial 4.0” beynəlxalq lisenziyası ilə lisenziyalaşdırılıb. Jurnal, həmçinin onun reytinqini müəyyən edən, internet şəbəkəsində inteqrasiya olunmuş elmi resurs Rusiyanın Elmi Sitat Indeksləşməsi (RESİ) layihəsinin müəllif hüquqlarına malikdir. Jurnalın tam mətn elektron versiyası “Rusiya Universal Elmi Elektron Kitabxanasının bazası”na (e-library) yerləşdirilib. Nəşr olunmuş bütün məqalələrə DOI (Digital Object Identifier - Obyektin Rəqəmsal İdentifiatoru) verilir. 2022-ci il yanvarın 1-dən jurnalın çap versiyası ilə yanaşı elektron versiyasının da nəşri hazırlanır. Jurnala artıq onlayn ISSN-2789-8245 verilib. Bu, onlayn informasiya axtarış sisteminə qlobal keçid şəraitində düzgün qərardır. Bilik və təcrübə mübadiləsi, xüsusilə də mühəndislik sahəsində cəmiyyətin uğurlu inkişafı üçün səmərəli strategiyadır.
Bu yeniliklər jurnalın sitatlaşma reytinqini, nəşr olunmuş elmi-texniki informasiyanın beynəlxalq aləmdə yayılmasının səmərəliliyini və çevikliyini artırmaq, həmçinin informasiyanın daha geniş mübadiləsinə və elmi ictimaiyyətdə tanınmasına kömək etmək məqsədi daşıyır.
Artıq 13 ildir ki, “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalı Azərbaycan və xarici ölkələrin elmi həyatında fəal iştirak edir. Jurnal bütün dünya alimlərinin üzərində çalışdıqları problemlərin baxışına böyük əhəmiyyət verir. “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” üç dildə - Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc edir, materialları kommersiya məlumat bazaları vasitəsilə yayır, həmçinin xarici analitik bazalara keçidlə indeksləşdirmə və sitatlaşdırma aparır. Azərbaycan Mühəndislik Akademiyasının üzvləri tərəfindən hər il 350-dən çox məqalə dərc olunur. “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” həm xarici, həm də yerli elm adamları üçün ziddiyyətli fərziyyələr və tədqiqatlarla bağlı fikir mübadiləsi aparmaq üçün canlı platformaya çevrilib.
Akademiya, onun elmi və mühəndis qüvvələri Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində mühüm vəzifələrin həyata keçirilməsində fəallıq göstərirlər. Biz Beynəlxalq Mühəndislik Akademiyası ilə birlikdə böyük nəticələr əldə etməyi qarşımıza məqsəd qoyaraq, böyük elmi layihələrin həyata keçirilməsi üçün yeni təkliflər hazırlayırıq.
Tarix: 21-04-2022, 12:23