Bərdə Peşə Liseyinə infotur təşkil edilib
Aprelin 13-də ötən il yenidən qurulmuş Bərdə Peşə Liseyinə infotur təşkil olunub.
İnfoturda millət vəkilləri Vüqar Bayramov, Fatma Yıldırım, Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov, Təhsil və Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları, Bakı Milli Geyim Evinin direktoru Könül Vəlibəyli, Sosial biznes üzrə təlimçi, influnser Sara Rəcəbli, həmçinin media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
İnfoturun məqsədi liseydə yaradılan şərait, tədris prosesi və imkanlar haqqında qonaqları məlumatlandırmaqdan ibarət olub.
Əvvəlcə peşə təhsil müəssisəsi barədə təqdimat edilib və videoçarx nümayiş olunub.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov infotur iştirakçılarına peşə təhsili sahəsində son illərdə görülən işlərdən və Bərdə Peşə Liseyinin əhəmiyyətli mövqeyindən danışıb.
Ceyhun Kərəmov peşə təhsilinə verilən önəm, bu sahədə keyfiyyətin artırılması, müasir tipli peşə təhsili mərkəzlərinin yaradılması və digər məsələlərə də toxunub.
Sözügedən təhsil müəssisəsinin direktoru İlham İsmayılov da öz növbəsində rəhbərlik etdiyi peşə liseyinin tarixi, təmirdən öncəki vəziyyəti, mühəndis pedaqoji heyət, həmçinin liseyin yeni infrastrukturu haqqında geniş məlumat verib.
Qeyd edilib ki, peşə liseyində aparılan yenidənqurma işləri nəticəsində beynəlxalq standartlara cavab verən maddi texniki baza ilə təchiz olunmuş 4 mərtəbəli tədris binası, 2 ədəd hər biri 192 yerlik yataqxana, 3 mərtəbəli emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikintisi həyata keçirilib.
İnfotur iştirakçılarının nəzərinə çatdırılıb ki, sözügedən lisey Bərdə və ətraf regionlardan olan 1200 tələbəyə 7 peşə sahəsi üzrə 30-a qədər ixtisas üzrə təhsil imkanı yaradır.
Daha sonra Bərdə Peşə Liseyində yaradılan şərait, emalatxanalarla əyani şəkildə tanışlıq olub və tədris prosesi izlənilib.
Sonda infotur iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Tarix: 14-04-2022, 13:19
Xəbəri paylaş