Azərbaycan Texnologiya Universitetində UTECA Könüllüləri Təşkilatı yaradılıb
Azərbaycan Texnologiya Universitetində UTECA Könüllüləri Təşkilatının təqdimatı keçirilib. Tədbirdə rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov, Elmi katib Mətanət Əhmədova, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Gəncə İş Adamları İB-nin idarə heyətinin üzvü, şəhid Hacı Rauf adına Tədris Mərkəzinin direktoru Günel İsgəndərova və tələbələr qatılıb.
Təqdimat tədbirində rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov çıxış edərək bidirib ki, UTECA Könüllüləri Təşkilatının yaradılıması ideyası tələbələr tərəfindən irəli sürülüb. Rektor, professor Akif Süleymanov tələbələrə dəstək göstərərək onların bu təşəbbüsünü qısa vaxt ərzində dəyərləndirib. Artıq təşkilatın əsasnaməsi təsdiq edilib. Müşavir təşkilata üzv olacaq gənclərin yeni nailiyyətlərə imza atacaqlarına əminlik ifadə edərək rektor adından təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.
Çıxışlarda Azərbaycanın gənclər siyasətinin mühüm elementlərindən olan könüllülük hərəkatından, gənclər üçün faydasından, gələcək karyera üçün əhəmiyyətindən danışılıb, tələbələr arasında sorğu keçirilib.
Bildirilib ki, hazırda müvəqqəti idarə heyəti formalaşıb. UTECA Könüllülərinin əsasnaməsi təqdiqlənib və idarə heyəti yaxın günlərdə seçki əsasında müəyyənləşəcək. Təşkilat tək UTECA tələbələri üçün deyil, Gəncə və ətraf bölgələrdə yaşayan bütün gənclər üçün açıqdır. UTECA Könüllüləri Təşkilatına üzv olmaq istəyənlər https://forms.gle/brqAQr4ejq4uisCfA linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, təşkilatın yaradılmasında əsas məqsəd universitetin tələbələrində könüllülük fəaliyyətinə maraq yaratmaq, onların əmək vərdişlərini inkişaf etdirmək, universitetin ictimai, mədəni, idman, sosial, iqtisadi həyatında fəal iştirakını təmin etmək, müasir əmək bazarının tələblərinə uyğun kadrlar kimi yetişməsinə müvafiq şəraitin yaradılmasıdır.
Tarix: 14-04-2022, 13:11