UNEC-də “Bloomberg” laboratoriyasının və Muzeyin açılışı olub
Aprelin 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bloomberg” laboratoriyasının və Muzeyin açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Emin Əmrullayev iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə nazir Emin Əmrullayev UNEC-in rektoru professor Ədalət Muradovla birlikdə Şəhidlərin Memorial-Kompleksini ziyarət ediblər.
Sonra rektorun müşayiətilə UNEC-in 7/24 kitabxanası, Ekstern Mərkəzi, 1 saylı kitabxana, hibrid auditoriya ilə tanışlıq olub.
Məlumat verilib ki, ölkəmizdə ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlayan maliyyə laboratoriyası “Bloomberg” şirkəti tərəfindən təklif olunan başlıca professional xidmət hesab olunur. 12 “Bloomberg” terminalından ibarət bu laboratoriya UNEC-in müvafiq sahədə dünyanın qabaqcıl universitetləri ilə eyni imkana malik olmasına və ali təhsil müəssisəsində keyfiyyətli araşdırma mühitinin yaradılmasına imkan verir. “Bloomberg” terminalı hər bir bazarda real vaxt məlumatlarını, son xəbərləri, dərin araşdırmaları, güclü analitikləri, ünsiyyət vasitələrini və dünya səviyyəli icra imkanlarını bir araya gətirir. UNEC respublikanın təhsil sektorunda bu tip laboratoriyanın qurulmasında ilk və tək olmaqla ölkədə maliyyə bazarlarının inkişaf etdirilməsinə böyük töhfə verəcək və məzunlarının əmək bazarında işlə təmin olunmasında mütləq üstünlüyə malik olacaq.
Həmin terminallar sayəsində UNEC Avropa və Amerikanın öncül universitetləri ilə eyni imkanlara malik olacaq. Universitetdə “Bloomberg Market concept” BMC dərsləri keçiriləcək. Azərbaycanda maliyyə sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən peşəkarlar üçün təkmilləşdirmə kursları təşkil olunacaq.
Sonra Muzeylə tanışlıq olub. Qeyd edilib ki, burada universitetin tarixi ilə bağlı sənədlər nümayiş olunur.
Nazir, həmçinin tələbələr və gənc müəllimlərlə görüşüb.
Tarix: 13-04-2022, 13:15