Təhsil kreditlərinə dair hesabat dinlənilib
Aprelin 7-də Təhsil Tələbə Krediti Fondunda bir qrup media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev çFondun fəaliyyət istiqamətləri, hədəfləri və prioritetləri barədə danışıb, eləcə də 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat və media nümayəndələri ilə Fondun müvafiq əməkdaşlıq formatının müəyyən edilməsi məsələlərinə toxunub.
Araz Paşayev qeyd edib ki, təhsilə dövlət qayğısının təzahürü olan bu Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlılığını təmin etmək, təhsildə bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.Bildirilib ki, dünyanın ən qabaqcıl təcrübələrini özündə birləşdirən Təhsil Tələbə Krediti Fondunun (TTKF) da Azərbaycanda mövcud olması tələbələr üçün yeni imkanlar yaratmış oldu. Qısa müddət ərzində 3000-dən çox tələbəyə təhsil krediti ayrılıb. Ümumilikdə noyabr-mart aylarına olan statistik məlumatlara əsasən, təhsil tələbə krediti üçün Fonda 5700-dən çox tələbə müraciət edib. Daxil olan müraciətlərdən 2899 tələbənin krediti rəsmiləşdirilib. Rəsmiləşdirilimiş kreditlərin 1116-sı sosial, 1783-ü isə standart kredit üzrə daxil olan müraciətlərdir. Yalnız yaz semestri üçün isə Fonda 2700-dən çox müraciət daxil olub.
Görüş çərçivəsində Fondun İdarə Heyətinin sədri tərəfindən media nümayəndələrinin nəzərinə payız semestrinə dair hesabat təqdim olunub, təhsil tələbə krediti rəsmiləşdirilmələri üzrə iqtisadi regionlar, təhsil müəssisələri və ixtisaslar üzrə statistikaya baxılaraq əldə olunmuş nəticələr ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, görüşdə elektron sistemin işləmə mexanizmi canlı nümayiş etdirilib, mövzuya dair suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənərək qeydə alınıb.
Tarix: 7-04-2022, 14:04
Xəbəri paylaş