“Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” mövzusunda dəyirmi masa keçirilib
Aprelin 1-də “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən BP Azərbaycan şirkətinin dəstəyi ilə icra olunan “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” hesabatının təqdimatı keçirilib.
Tədbirdə "İnklüziv təhsil" layihəsinin rəhbəri Fərid Süleymanov əlilliyi olan şəxslərin və inklüziv cəmiyyətin inkişafında inklüziv təhsilin əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırıb ki, inklüziv təhsilin təşviqi ölkəmizdə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Fərid Süleymanov “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 2018-ci ildən icra olunan müvafiq layihələr çərçivəsində ölkəmizdə inklüziv cəmiyyətin və təhsilin inkişafı sahəsində bir sıra işlərin həyata keçirildiyini və müsbət nəticələrin əldə olunduğunu, bu istiqamətdə fəaliyyətlərin davamlı xarakter aldığını bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, inklüziv təhsil vasitəsilə hər bir şagirdin öyrənmə imkanları nəzərə alınır və onların təhsil ehtiyaclarının qarşılanması üçün təlim prosesi fərdiləşdirilir.
Nazir müavini qeyd edib ki, ölkəmizdə 2004-cü ildən başlayaraq inklüziv təhsilin tətbiqi ilə bağlı bir sıra layihələr həyata keçirilib. Azərbaycanda 2021-2022-ci tədris ilində 12562 nəfər sağlamlıq imkanları məhdud uşaq xüsusi təhsilə cəlb olunub. Onlardan 157 nəfər inklüziv təhsilə, 1180 nəfər inteqrasiya təlimli təhsil müəssisələrində təhsilə cəlb olunub, 2740 nəfər xüsusi təhsil müəssisələrində oxuyur, 8456 nəfər evdə təhsilə cəlb edilib, 29 nəfər isə stasionar müalicə müəssisələrində təhsillə təmin edilib.
Firudin Qurbanov əlavə edib ki, hazırda Təhsil Nazirliyi hökumət təşkilatları ilə, beynəlxalq fondlar və ictimai birliklər, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, ümumi təhsil pilləsində inklüziv təhsilin şəbəkəsinin genişləndirilməsi, müəllim hazırlığı istiqamətində müvafiq fəaliyyətləri həyata keçirir. 2022-2023-cü tədris ilindən inklüziv təhsil müəssisələrinin şəbəkəsinin ölkə üzrə genişləndirilməsi məqsədi ilə Nazirliyin illik fəaliyyət planına əsasən, yeni tədris ilində ölkə üzrə daha 10 məktəbdə inklüziv təhsilin tətbiq olunması nəzərdə tutulub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev qeyd edib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası olaraq nazirlik tərəfindən normativ-hüquqi aktların layihəsi hazırlanıb. Həmçinin əlilliyi olan şəxslərin, o cümlədən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının inkişafı və təşviqi məqsədilə “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” yaradılıb.
Səhiyyə nazirinin müavini İlqar Qasımov əlilliyi olan şəxslərin cəmiyyətə sürətli inteqrasiyası, onların psixi sağlamlığının möhkəmləndirilməsi üçün inklüziv təhsilin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayaraq bu istiqamətdə kompleks tədbirlərin görülməli olduğunu qeyd edib.
“Regional İnkişaf” İctimai Birliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva diqqətə çatdırıb ki, əlilliyi olan uşaqların keyfiyyətli təhsilə çıxış hüququnu nəzərdə tutan inklüzivlik siyasətinin hazırlanması labüddür.
Tədbirdə beynəlxalq ekspertlər tərəfindən hazırlanan “Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” hesabatını inklüziv təhsil üzrə beynəlxalq ekspertlər Piter Qraymz və Marike Stivenz təqdim ediblər. Hesabatda Azərbaycanda inklüziv təhsilə aidiyyəti olan bir sıra qanunvericilik aktlarının təhlili, nümunəvi qanunvericilik bazasına malik ölkələrin təcrübəsi, həmçinin qanunvericiliyin gücləndirilməsi və inklüziv təhsilin inkişafı üçün icrası zəruri olan tədbirlər planı öz əksini tapıb.
Tədbir müzakirələrlə davam edib.
AZƏRTAC
Tarix: 2-04-2022, 13:12