Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

1918–ci ilin mart–aprel aylarında ermənilərin törətdikləri soyqırımın Lənkəran səhifələri



Bu gün erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 104 il ötür. XX əsrin əvvəllərində başlayaraq ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər Azərbaycan tarixində ən qanlı hadisələrdən biri kimi yaddaşımızda silinməz izlər buraxmışdır. Bu qanlı hadisə tezliklə Bakı hüdudlarından kənara çıxmış, bolşevik–daşnak quldur dəstələri bir sıra Azərbaycan qəzalarında olduğu kimi, Lənkəran qəzasını da talan etmiş, dinc əhali amansızcasına öldürülmüşdü. Lənkəran 1918–ci ilin mart–aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə daha çox məruz qalan bölgələrdəndir. Həmin dövrdə Lənkəran şəhərində, rayonun Sütəmurdov, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Kərgəlan və Mamusta kəndlərində kütləvi qətliamlar törədilib. Ümumilikdə Lənkəran və ətraf rayonlarda 40–dək yaşayış məntəqəsi yandırılmaqla  yerlə–yeksan olunub, 2000–dən çox dinc sakin qətlə yetirilib. Şaumyan və onun quldur dəstəsi Lənkəranın mühüm strateji və ərzaq rayonu olmasını nəzərə alaraq, bu bölgəni ələ keçirməyi qarşıya məqsəd qoymuşdu. Lənkəran qəzasını ələ keçirməyə çalışan Şaumyanın əsas məqsədlərindən biri milli qüvvələrin–Sultan bəy Qulubəyov, Aslan Talışinski və baron Osten–Sakerin 1917–ci ildə təşkil etdiyi milli alayı və Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etməklə bölgəni tam şəkildə ələ keçirmək idi. Lənkəranda olan “Dikaya diviziya”nı tərk-silah etmək üçün Şaumyanın sərəncamı və Erməni Milli Şurasının göstərişi ilə tərkibində erməni fəhlələrindən təşkil olunmuş 280 nəfərlik Bakıdakı bolşevik–erməni daşnak qüvvələri Lənkərana göndərilmişdi. 
Bu məlumatlar 1918–ci il mart soyqırımı ilə bağlı yaradılmış Fövqəladə Təhqiqat Komissiyanın hesabatlarında öz əksini tapmışdı. Komissiyanın sədri Ə.Xasməmmədov xarici işlər nazirinə yazırdı ki, Lənkəran qəzasında polkovnik Avetisovun silahlı quldur dəstələri Cavad qəzasının bir hissəsində isə polkovnik İllarinoviç başda olmaqla başqa bir dəstə böyük dağıntı törədərək müsəlman əhalini ucdantutma məhv etmişdir. Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edilmiş, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur olmuşdular. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri “Aleksandr Yander” gəmisi tərəfindən top atəşinə tutulmuşdur. Sovet tarixşünaslığı tarixi həqiqətləri gizlətməyə çalışaraq, bu qanlı hadisələrə belə bir izahat verirdi ki, güya “millətçilər zəhmətkeşlərin diqqətini sinifi mübarizədən yayındırmaq məqsədilə Zaqafqaziyanın çox yerində milli ədavət törətdikləri kimi, Lənkəran qəzasında da belə ədavət törətmişdilər. Müsavatçılar, eserlər və qeyriləri bu ədavətin əsas təşkilatçıları olmuşlar. Milli ədavətin nəticəsində qəzada 40–a yaxın kənd yandırılmış, yüzlərlə günahsız adam, habelə qadınlar və uşaqlar məhv edilmişdi”. Göründüyü kimi, sovet tarixşünaslığı milli qüvvələri bu qırğınların səbəbkarı kimi göstərməklə, bölgədə bolşeviklərin havadarlığı ilə ermənilərin törətdikləri soyqırımı gizlətmiş və təhrif etmişdilər.
Arxiv mənbələrinin birində qeyd edilir ki, “gənctürklər qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, yediklərinin pulunu vermir, özlərini Osmanlı türklərindən qorumaq üçün onları səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyyələrini keçirməyə mane olmuşdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət etmiş, məscidi isə yandırmaq istəmişlər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtmış və minlərlə günahsız insanın həyatına son qoymuşdular”.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin yanında Siyası Sənədlər Arxivinin 277–ci fondunda, Azərbaycan Respublikası Dövlət Arxivinin 100–cü fondunda qorunub saxlanılan sənədlər Lənkəranda törədilmiş soyqırıma şahidlik edir. Azərbaycan Cümhuriyyəti dövründə dövlətimizin hüqdudlarında həyata keçirilən soyqırım hadisəsini araşdırmaq üçün təşkil edilən Fövqəladə Təhqiqat Komissiyası (bundan sonra FTK) daşnak–bolşevik qüvvələrin fəaliyyəti ilə bağlı olaraq Lənkəran qəzasında təhqiqat işlərinə başlanılmadığına görə FTK–nın sənədlərində bu barədə məlumat demək olar ki, yoxdur. Azərbaycan Cümhuriyyətinin rəsmi qəzetinin səhifələrində də soyqırım aktlarını təsdiq edən kifayət qədər məlumatlar var. Xüsusilə "Azərbaycan" qəzetinin 39, 100, 101, 103 nömrəli buraxılışlarında bu barədə məlumatlar verilmişdir. Qоri Müəllimlər Sеminаriyasının məzunu, tarixçi Teymur bəy Bayraməlibəyovun bu barədə qəzet səhifələrində yazdığı məqalələrə diqqət yetirilmişdir. Məqalənin hazırlanmasında Lənkəranda ilk ali təhsilli ədəbiyyat müəllimi Teymur Şahverdiyev, “Lenin” ordenli müəllim Əbülqasım Qasımov kimi şahidlərin xatirələrindən də istifadə edilmişdir. 
Rusiyadan hərtərəfli kömək alan erməni cəlladları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstərmişlər. Bu məqsədlə həyata keçirilən soyqırımlar bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə etmiş, yüz minlərlə dinc azərbaycanlı əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın və Şərqi Anadolunun türk–müsəlman əhalisinin məhv edilməsi qabaqcadan düşünülmüş ümumi plan əsasında, həm də vahid mərkəzdən idarə olunaraq həyata keçirilirdi. Bu baxımdan Azərbaycanın Lənkəran qəzası da erməni daşnaklarının denikinçilərlə birgə həyata keçirdiyi soyqırım aktından kənarda qalmamış və bu ərazidə də 1918–1919–cu illərdə kütləvi qətl və qarətlər həyata keçirilmişdir. Lənkəran mühüm strateji və ərzaq rayonu olub, Bakının arxası və ingilislərin ağalıq etdikləri Qacar İranı ilə həmsərhəd idi. Lənkəran vasitəsilə Orta Asiya və Həştərxanla əlaqə saxlamaq, Sovet Rusiyasından məsləhət və kömək almaq mümkün idi. Bu baxımdan Lənkəranın əldə saxlanması istər bolşeviklər, istərsə də onların hamilik etdiyi erməni daşnakları üçün vacib idi. Bu məqsədlə Stepan Şaumyan milli qüvvələrin–Sultan bəy Qulubəyov, Aslan Talışinski və baron Osten–Sakerin 1917–ci ildə təşkil etdiyi milli alayı və Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etməklə, bölgəni tam şəkildə ələ keçirməyi planlaşdırırdı. Tam şəkildə ələ keçirmək isə etnik təmizləmə siyasəti kimi başa düşülməlidir. 
 
1918–ci ilin may ayına qədərki bir müddət ərzində Şevkunovun quldur dəstəsinə rəhbərlik edən daşnak Akopyan Lənkəranda Mir Əhməd xanın bir mərtəbəli evini özlərinə qərargah etmişdilər. Onlar törətdikləri vəhşiliklərə belə haqq qazandırırlar ki, guya Lənkəran qəzasını qaçaq–quldurlardan qoruyurlar. Bu məqsədlə onlar dəfələrlə şəhər və kəndləri dənizdən top atəşinə tutmuşlar. Sakinlər əliyalın olduğundan, atışma başlayan kimi meşələrə üz tutub. Bunun qarşısını almaq üçün hərbçilərlə danışığa gedən Sütəmurdov kəndinin 13 ağsaqqalı hərbçilərlə belə bir şərt kəsiblər ki, dinc əhaliyə toxunmayacağı tədqirdə, əvəzində onlara lazım olan ərzağı veriləcəklər. Lakin bu təkliflərinə baxmayaraq quldur dəstəsi iyun ayının 19–da həmin günahsız Sütəmurdov ağsaqqallarını qolları bağlı çayın dəhnəsinə apararaq, qılıncla başlarını kəsir, bədənlərini tikə–tikə etdirirlər. Onların hamısını dəhnə adlanan ərazidə basdırırlar. Bir neçə gündən sonra bir dəstə itin meyidlər ətrafında ulaşmasını eşidən camaat gəlib yoxlayır, bu qanlı faciəni görür. Sütəmurdovlular onların meyitlərini çıxarıb yeşiklərə dolduraraq gətirib kəndin məscidi qabağında dəfn edirlər. Həmin ağsaqqalların adlarını  nəzərinizə çatdırıram: 
 
1. Molla Həmid Məhəmmədəli oğlu
2. Hacıbaba Kərbəlayı Məhəmmədqulu oğlu
3. Ənnağı Məşədi Əbdülhüseyn oğlu
4. Xəlil Məşədi Əliqulu oğlu
5. İbrahimpaşa Məşədi Mikayıl oğlu
6. Kərbəlayi Əkbər Məhəmməd oğlu
7. Kərbəlayi Hüseyn Əhməd oğlu
8. Kərbəlayi Malik Məşədi Bağır oğlu
9. Mirsadıq Kərbəlayi Mirtahir oğlu
10. Xəlil Məhəmmədhüseyn oğlu
11. Abdulla Məhəmməd oğlu
12. Səfər Baba oğlu
13. Məhəmmədrza Məşədi Əhməd oğlu
 
Qəbr abidəsi bugündə yerli sakinlər tərəfindən ziyarət edirlərək ruhlarına dualar oxunur. Soyqırımın 90 illiyində Lənkəranın Sütəmurdov kənd qəbrstanlığının girişində 13 el ağsaqqalının adları qeyd olunmuş böyük abidə ucaldılmışdır. Ermənilərin quldur dəstələri ilə birlikdə gördüyü işlər bununla yekunlaşmadı və 1918–ci ilə qədər geniş xarakter almağa başladı. Hadisə şahidlərindən Lənkəranda ilk ali təhsilli müəllim Teymur Şahverdiyev xatirələrini belə bölüşürdü: “1918–ci ilin mart ayı idi. “Kolaz”da Sütəmurdova gedirdim. Körpü hələ çəkilməmişdi. Su qırmızıya çalırdı. Diqqət verib gördüm ki, insan qanıdır. Suda xeyli cəsəd vardı”. O illərin bir digər şahidi “Lenin” ordenli müəllim Əbülqasım Qasımov belə bir əhvalat danışırdı: “Heyva gül açan vaxtları (aprel–may ayları) idi. Şevkunovun quldur dəstəsi erməni daşnakları ilə birləşərək xeyli adamı qanına qəltan etmişdi. Hərbi paraxoddan şəhər top atəşinə tutulmuşdu. Lənkərana ticarət işinə gedən Məşədi Qasım, Məşədi Şirəli, Kərbəlayı Nurulla və Hacı axund dava–qırğını görüb geri qayıtmışdılar. Bu vaxt mərmi məscidin bir tərəfini aparır. Abuzər Ağababa oğlu uşağı ilə həlak olmuşdular. Kərbəlayı Səfərəli Cabbar oğlunu buğda və düyü tayaları üstündə vurmuşdular. O, qışqırıb deyirmiş ki, məni öldürməyin, nə istəyirsinizsə, verim. Kərbəlayı Səfərəlinin yalvarışlarına əhəmiyyət verməyib evini də yandırmışdılar. Köməyinə gələn Kərbəlayı Güləliyə də aman verilməmiş, amansızcasına qətlə yetirmişdilər. Dərzi Musanın evinin ətrafında 8 nəfəri güllə ilə vurmuşdular. Uşaqlara, qadınlara belə rəhm edilməmişdi. Qaynar samavarı adamların belinə bağlayır, yeriməyə məcbur edirdilər. İki gün ərzində Gərmətükdə 7 nəfər öldürülmüşdü”. Xəzər donanmasındakı rus matrosları da qırğına cəlb olundular. Onların sərəncamında olan “Aleksandr Jander” gəmisindən Qızılağacdan Astaraya qədər sahilə yaxın yaşayış məntəqələri top atəşinə tutuldu. Hadisə şahidlərinin biri öz xatirələrində qeyd edir: “Gərmətük camaatı kənd ağsaqqalı Hacı Ağabalanı matroslarla danışığa göndərirlər ki, qırğını dayandırsınlar. Rus dilini yaxşı bilən Hacı Ağabala ağ parçadan bayraq qaldırıb, dənizin sahilinə gəlir. Onlar rusların məqsədlərinin nə olmasını öyrənmək istəyirdilər. Onlar öyrənmək istəyirdilər ki, niyə bu camaatı qırırlar? Onların, yəni rus–erməni birləşmələrinin rəhbəri Şevkunov deyib ki, sizin hamınız bizim düşmənimizsiniz. Biz istəyirik ki, bu yerlərdən köçəsiniz”. Lənkəran qəzasında soyqırımların daha sistemli və ardıcıl olaraq aparılması üçün bəhanə 1918–ci ilin martın 24–də şəxsi heyəti müsəlmanlardan ibarət olan ”Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi oldu. Belə ki, 1918–ci il martın 17–də silahla davranışdan həlak olmuş Azərbaycan milyonçusu H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri, erməniləri təşvişə salmışdı. 
1918–ci ilin aprelin 12–dən başlayaraq Lənkəran qəzasına basqın edən erməni daşnakları evlərə girib bəzən bütün ailənı məhv edirdilər. Hamilə qadınlara, qocalara belə rəhm edilmirdi. Bir gün ərzində rayonun müxtəlif kəndlərində, Gərmətükdə 70 nəfər, Mamustada 30 nəfər, Kərgəlanda 30 nəfər, Sütəmurdovda 20 nəfər, Girdənidə 20 nəfər günahsız insan soyqırımın qurbanı oldu. Şahidlər qeyd edir ki, erməni–rus əsgərləri Lənkəran qəzasında ən hörmətli və el arasında sayılıb seçilən ağsaqqalları ya öldürür, ya da ələ keçirib, işgəncələr verirdilər. Lənkəranda tanınan Məşədi Qasımın, Məşədi Şirəlinin, Kərbəlayı Nurullanın, Hacı Axundun, Mirməhəmməd xan Mirfərəculla bəy oğlu Talışxanov və yüzlərlə başqalarının taleyi belə, acınacaqlı olmuşdu. Şıxəkəran kəndinə hücum edən rus və erməni əsgərləri kəndi talan edərək, camaatın mal–qarasını və qiymətli ev əşyalarını ələ keçiriblər. Atışmada öldürülmüş erməninin heyfini çıxan əsgərlər bir neçə kənd sakinini diri–diri yandırıblar. Bəzilərinin qulaq və burunlarını kəsir və gözlərini çıxarıblar. Kənd camaatı Mamusta ilə Xolmili arasındakı meşəyə çəkilib, bir neçə gün burada gizləniblər. Mamusta kəndində cavanları evlərə yığıb, od vurub yandırıblar. Hətta bir neçə mamustalı qılıncla doğranılaraq öldürülüb. Qadınlar və uşaqlar isə Qoçasələ meşəsinə sığınıblar. Lənkəran şəhəri və ətraf kəndlərin əhalisi Osaküçə meşələrinə çəkilərək özlərini qorumaq üçün sığınacaq tapmışdılar. Ara sakitləşəndən sonra ev–eşiklərinə qayıtmış şəhər camaatı erməni vəhşiliyinin bir daha şahidi olmuşlar. Arxiv mənbələrinin birində qeyd edilir ki, “Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, yediklərinin pulunu vermir, özlərini Osmanlı türklərindən qorumaq üçün onları səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyyələrini keçirməyə mane olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtdı və minlərlə günahsız insanın həyatına son qoydular”. 1919–cu ilin avqustunda “Molokan qiyamı” yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu. Lənkəran qəzasında noyabrın 1–də müsəlman cəmiyyətinin səlahiyyətli nümayəndəsi Teymur bəy Bayraməlibəyov Bakıda olan türk ordusunun baş komandanı Nuru Paşanın qəbulunda olub. O, Avetisovun (Türk ordusunun hücumu qarşısında duruş gətirə bilməyərək ordunu başsız qoyub qaçan, türklərin qatı düşməni, Bakı cəbhəsinin keçmiş komandanı Avetisov sonralar Prişibdə öldürülmüşdü) quldur dəstəsinin özbaşınalığı haqqında ona məlumat vermiş və lənkəranlıların bu ağır vəziyyətdən qurtarmasını ondan хahiş etdilər. Görüşdə Nuru Paşa lənkəranlıların səlahiyyətli nümayəndəsinə bildirmişdi ki, türklər sizə hərtərəfli köməklik göstərəcək və adıçəkilən dəstənin bütün özbaşınalığının qarşısı alınacaqdır. Sonda Nuru Paşa bildirmişdi ki, müsəlmanlara çatdırın ki, onlar çoх da gözləməyəcəklər. Lənkəranda soyqırımların qarşısının alınması üçün 1918–ci ilnoyabrın 14–də görkəmli maarif xadimi Teymur bəy Bayraməlibəyov, Axund Molla Əli Tağızadə və Yusif Qəribzadə ilə birlikdə İrandakı Böyük Britaniya konsulu Hevelke ilə görüşdülər. Nümayəndələr Avetisovun başçılığı altında erməni silahlı dəstələrinin Muğanda və Lənkəranda dinc əhaliyə divan tutduğuna dair sənədləri Hevelkeyə təqdim etməklə, onlar konsula ingilis ordularının Azərbaycana gəlişi ilə erməni silahlı dəstələrinin qəddarlığının arta biləcəyi ehtimalını söylədilər. Nümayəndələr ingilis konsulundan erməni silahlı dəstələrinin hərəkətlərinin qarşısını almağa diqqət yetirməyi xahiş etdilər. Lakin bütün bunlara baxmayaraq qəzada ermənilərin dinc əhaliyə qarşı qırğınları hələ də davam edirdi. Bu dövrdə daşnak Avetisovun dəstəsi əvvəlki kimi xalqı soyub talamaqda və müsəlmanları qətl, qarət etməkdə davam edirdi. Belə ki, bu dəstə yerli müsəlmanların əlindən taxıl zəmilərini almış, Xırmandalı, Əminli, Qədirli, Qarğalıq, Körəkli, Əlişanlı, Təklə, Hüseyn Hacılı, Həsənli, Yeddioymaq kəndlərini yandırmışdılar.
Lənkəranda ermənilərin və denikinçi qüvvələrin törətdikləri qarətlərin, qırğınların qarşısını almaq məqsədilə 1918–i il dekabrın 28–də Teymur bəy Bayraməlibəyovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda general Tomsonla görüşərək ermənilərin, “denikinçilərin qəzanı bərbad hala saldıqlarını, xüsusən azərbaycanlılara divan tutmaları haqqında ona məlumat verərək, qəzanın bu qüvvələrdən təmizlənməsini və onun Azərbaycanla yenidən birləşdirilməsi haqqında tədbirlər görülməsini xahiş etdilər”. T.Bayraməlibəyov “Azərbaycan” qəzetinin18 noyabr1918–ci il tarixli 39–cu sayında yazırdı: “Dəhşətlər, biabırçılıqlar törədən və cəzasız qalan Avetisovun hər gün qan tökən quldur dəstəsi buradan getməsə, yerli əhali, xüsusilə müsəlmanlar bundan sonra öz halal dədə–baba torpaqlarında rahat yaşaya bilməzlər”. “Azərbaycan” qəzetinin “Lənkəran” sərlövhələri altında gedən məqalədə Teymur bəy Bayraməlibəyov dinc əhaliyə işgəncə verən və soyğunçuluqla məşğul olan ermənilərin simasızlığından danışaraq belə qeyd edirdi: “Yanvar ayının 22–də Hüseynəli Rzaəli oğlu bazarda Şəhab molla İsgəndər oğlunun dükanında əyləşərkən erməni əsgərləri dükanı əhatəyə alıb güllə atmağa başlamışlar. Bazarda güllə səsi eşidən ürəyi vahiməli, müsəlman camaatı dükanlarını açıq qoyub qaçmağa üz qoydular. Fürsətdən istifadə edən silahlı erməni əsgərləri isə dükanları soyub aparmışlar. Erməni əsgərlərinin bu cür facianə işləri və gecələr müsəlman məhəllələrində oğurluq etmələri hələdə davam etməkdədir”. “Azərbaycan” qəzetinin 14 mart1919–cu il tarixli nömrəsində bu dövrdəki Lənkəran qəzasının ümumi vəziyyəti şərh edilərək qeyd olunur ki, “Mart hadisələrindən sonra (1918–ci il mart soyqırımı nəzərdə tutulur.) Lənkərana bolşeviklərlə bərabər erməni daşnakları da gəldilər. Bundan sonra erməni Avetisovun başçılığı ilə daşnak hərbi hissələri müsəlman kəndlərinin axırına çıxdılar. Olmazın zülmlər, əziyyətlər verdilər. Yollar kəsildi. Əhali şikayət etməyə bir yer tapmadı. Türklər Bakıya gəldikləri zaman Muğan ətrafının bolşevikləri ilə əlaqələri kəsildi. Buradakı sərsərilər “Muğan hökuməti” adı ilə dağıdıcı bir qurum düzəltməklə, müsəlmanları soymağa və qırmağa başladılar”. “Azərbaycan” qəzetinin 18 may 1919–cu il tarixli 103–cü sayında “Lənkəranlıların fəryadı” adlı məqalədə qeyd edilir ki, “Artıq bir ildən çoxdur ki, Lənkəranın əsasən müsəlmanlardan ibarət olan əhalisi hakimiyyət uğrunda mübarizə aparanların əlində yanır. Son günlərdə hakimiyyət bolşeviklərin əlinə keçmişdir. Ərazidə həbslər və Denikinin havadarlarına qarşı təqiblər başlanmışdır. Lənkəranda bolşeviklər partiyası ilə denikinçilər arasında böyük toqquşmalar baş verdiyindən, bazarda alış–veriş dayandırılmış, yerli tacirlərin–müsəlmanların malları yandırılmışdır”. Beləliklə, iki ilə yaxın bir müddət ərzində Lənkəran qəzasında ermənilərin törətdikləri qırğınlara 1919–cu ilin yayında–Camal Paşanın komandanlığı ilə türk ordusunun və Azərbaycan Milli Ordusunun Lənkəran qəzasına daxil olduğu vaxtdan son qoyuldu. Nəticədə, qəzanın milli qüvvələrin əlinə keçməsi ilə, əhali qırğından, talanlardan xilas olmuş və Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir.   2020–ci il bütün dünyada çətin il olsa da, Azərbaycan üçün istər siyasi,  diplomatik,  hərbi, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. 
      Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibədə Ermənistan Azərbaycan qarşısında diz çökdü. Azərbaycan xalqı illərdir gözlədiyi, ruhunun təntənəsi olan qalibiyyəti yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının əziz xatirəsini daim yad edəcək və əbədiyyən qəlbində yaşadacaqdır. Heç təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Şuşanın azad olunmasını, Azərbaycan xalqı isə Zəfər gününü tarixi həqiqətləri daim yada salan, şəhidlik zirvəsinin nə olduğunu hər addımda xatırladan Şəhidlər xiyabanında qeyd etdi. Çünki müstəqil Azərbaycan uğrunda canlarından keçənlərin ən böyük hədiyyəsi azad Vətən torpağıdır. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Qədim şəhərlərimiz, əzəli torpaqlarımız azad olundu. Ümumiyyətlə, ötən əsrdə dörd dəfə 1905–1906, 1918–1920, 1948–1953 və 1988–1989–cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyalara baxmayaraq mənfur düşmənin “Böyük Ermənistan” xülyası gerçəkləşməmişdir. Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti indidən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə  cavabını verəcəkdir.

 
                                                                                                                                     Cəmil Quliyev
                                                                                                                                     tarix üzrə fəlsəfə doktoru


Tarix: 31-03-2022, 23:33

Xəbəri paylaş