ADNSU-nun şəhid olmuş məzunlarının ailələri Novruz bayramı ərəfəsində ziyarət olunub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Novruz bayramı münasibəti ilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarının ailələrini ziyarət ediblər.
Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində - Qazaxda, Ağstafada, Şəkidə, Oğuzda, Neftçalada və digər rayonlarda şəhid ailələrinin ziyarət etmiş nümayəndə heyəti, Vətən uğrunda canlarından keçmiş ADNSU məzunlarının ailələrinə rektor, professor M.Babanlının salam və ehtiramını çatdırıb, onlara universitetdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bu görüşlərdə ADNSU-da şəhid olmuş məzunların xatirəsinə həsr olunmuş abidənin universitetdə təhsil alan tələbələrə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rolu olduğu qeyd olunub. Növbəti tədris ilinin əvvəlinədək ADNSU-nun şəhid olmuş məzunlarının adına auditoriyaların açılmasının planlaşdırıldığı vurğulanıb. Bildirilib ki, universitet müntəzəm olaraq ADNSU-nun qəhrəman məzunlarının ailələri ilə sıx təmas saxlayacaq, onların problemlərinin həllinə kömək edəcək. ADNSU-da keçirilən hərbi-vətənpərvərlik mövzusunda tədbirlərdə şəhid ailələrinin daim arzuolunan qonaq olacaqları qeyd olunub və bildirilib ki, rektor Mustafa Babanlının tapşırığı ilə hər il Novruz bayramı ərəfəsində qəhrəmanların ailələri ziyarət olunacaq. Sonra ADNSU-nun nümayəndə heyəti şəhid ailələrinə bayram sovqatını təqdim edib.
44 günlük Vətən müharibəsində ADNSU-nun 23 məzunu ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdən qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Tarix: 19-03-2022, 17:36