Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"Təhsilə ictimai baxış" da Məktəb-valideyn tərəfdaşlığı müzakirə olunub

   Fevralın 18-də Təhsil Nazirliyi yanında İctimai Şuranın və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələr çərçivəsində növbəti müzakirə təşkil olunub.
    
    “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusuna həsr olunan müzakirədə təhsil naziri Emin Əmrullayev, nazirlik nümayəndələri, İctimai Şuranın üzvləri, millət vəkilləri, təhsil ekspertləri, məktəb direktorları, valideyn və müəllimlər, o cümlədən QHT təmsilçiləri iştirak ediblər.
    
    Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, müzakirənin əsas məqsədi məktəb-valideyn tərəfdaşlığı ilə bağlı mövcud vəziyyəti öyrənmək, bu tərəfdaşlığın səmərəli qurulması və inkişaf etdirilməsi istiqamətində maraqlı tərəflərin fikirləri ilə tanış olmaq, beləliklə, məktəb-valideyn tərəfdaşlığı modelinin yeni formalarını hazırlamaqdır.
    
    Müzakirədə çıxış edən təhsil naziri Emin Əmrullayev təşkilatçılara təşəkkürünü bildirib və təhsildə ictimai məsuliyyətin bölüşdürülməsinin vacibliyini vurğulayıb. Təhsil naziri bildirib ki, problemlərin müəyyən edilməsi ilə yanaşı onların həll  yollarının müzakirəsi də önəmlidir.  
    
    Nazir qeyd edib ki, Azərbaycanın təhsil siyasətinin mərkəzində uşaqlar dayanır və şagirdlərə yönəlik siyasətin həyata keçirilməsi daha vacibdir.

Təhsil naziri bildirib ki, valideynlərin məktəbin idarə olunmasında iştirakçılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
    
    Çıxışında məktəb nüfuzunun yeni modelinin yaradılmasının, ümumi təhsil müəssisələrində ictimai nəzarət mexanizminin vacibliyini qeyd edən təhsil naziri maarifləndirmənin də düzgün aparılmasının önəmini ifadə edib. 
    
    Emin Əmrullayev sonda Təhsil Nazirliyinin hər zaman cəmiyyəti maraqlandıran mövzuları müzakirə etməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, səmərəlilik üçün müzakirələrin çərçivəsi olmalı, cəmiyyəti narahat edən məqamlara diqqət edilməlidir.
    
    Müzakirələr zamanı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Gülməmməd Məmmədov Şura və “T-Network” tərəfindən 13 580 valideyn arasında aparılan sorğunun nəticələrini təqdim edib.
    
    Müzakirədə Türkiyənin TED Universitetinin təhsil fakültəsinin dekanı Yüksel Kavak Türkiyə təcrübəsi barədə təqdimatla çıxış edib, Türkiyənin məktəb-valideyn tərəfdaşlığı modelini müzakirə iştirakçılarının diqqətinə çatdırıb.
    
    Çıxış edən digər qonaqlar mövzu ilə bağlı onları narahat edən məqamları və bu istiqamətdə təkliflərini çatdırıblar.
    
    Qeyd edək ki, "Təhsilə ictimai baxış" silsilə müzakirələrin məqsədi bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir.


Tarix: 18-02-2022, 21:22

Xəbəri paylaş