Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

VI Karyera Qış Məktəbinin açılış mərasimi keçirilib








    Fevralın 12-də Şamaxıda SABAH VI Karyera Qış Məktəbinin açılışı baş tutub.
     
    Açılış mərasimində iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov SABAH VI Karyera Qış Məktəbinin iştirakçılarını salamlayaraq gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib. Qış məktəbinin əhəmiyyətini vurğulayan nazir müavini müasir dövrün peşələrindən, uğurlu karyera qurmağın yollarından, karyera planlaşdırılmasının, əsas həyat hədəflərinin müəyyən edilməsinın vacibliyindən, həyatın mənasını düzgün dərk etməyin əhəmiyyətindən danışıb.  
     
    Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin  müstəqil ölkəmizin inkişafında vacib yer tutduğunu qeyd edən Firudin Qurbanov onlara fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. 
     
    Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, bu il keçirilən SABAH VI Karyera Qış Məktəbində 68 tələbə iştirak edir. Fevralın 14-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual mövzuları üzrə təlimlər keçiriləcək. Qış məktəbində tələbələrə əlavə olaraq agile learning, müasir biznesin əsasları və biznesmenin vergi münasibətləri haqqında təlimlərin keçirilməsi də planlaşdırılır. 
     
    Qış Məktəbi IV kursda təhsil alan SABAH tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Hər il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlərin ("Azercell”, “Kapital Bank”, “GoldenPay” və s.) fərdi təlimçiləri Qış məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər.
     
    Karyera Qış Məktəbi ilə yanaşı SABAH Mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə “Yeni standartlara uyğun vahid SABAH syllabusunun yaradılmasına doğru”, “Süni intellekt texnologiyalarının təhsildə tətbiq perespektivləri”, "Yeni  əsrdə müasir universitet dizaynı" və “Səmərəli idarəçilik və korporativ düşüncə” mövzuları ətrafında təlimlər təşkil olunacaq.
     
    Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir. 


Tarix: 12-02-2022, 07:03

Xəbəri paylaş