Təhsil tələbə krediti almaq üçün müraciətlər davam edir
Fevralın 7-də təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.
Tədbirdə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev təqdimatla çıxış edib. Araz Paşayev Fondun yaradılması, fəaliyyəti, bu günədək görülən işlər barədə ətraflı məlumat verib. Fond rəhbəri bildirib ki, ölkəmizdə fəaliyyət göstərən 44 ali təhsil müəssisəsinin, eyni zamanda, 55 orta ixtisas təhsili müəssisəsinin tələbələri təhsil krediti üçün müraciət edə bilərlər.
Araz Paşayev diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 266 mindən çox tələbə təhsil alır. Onlardan 246 min 162 nəfəri əyani oxuyur. Əyani təhsil alan tələbələrin 146 min 373 nəfəri ödənişli təhsil alır. Ödənişli təhsil alan 20 min 200 tələbənin təhsil haqqını dövlət ödəyir.
126 min 173 tələbə isə təhsil haqqını özü ödəyir. Ümumilikdə götürdükdə ödənişli təhsil alan 56 min 208 tələbənin təhsil tələbə krediti almaq hüququ var.
Fond rəhbəri qeyd edib ki, 2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna 2021-ci il noyabrın 25-də başlanılıb. Proses 2022-ci il fevralın 15-də yekunlaşacaq. Fevralın 16-dan isə 2021-2022-ci tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start veriləcək.
Araz Paşayev məlumat verib ki, bu günədək olan müraciətlərin 1945-i rəsmiləşdirilib, təhsil haqqı ödənilib. 1200 müraciət isə emal prosesindədir, yaxın iki həftə ərzində rəsmiləşdiriləcək. Təxminən 300-400 arası müraciət isə tələbələr tərəfindən tamamlanmayıb.
Daha sonra Araz Paşayev təhsil tələbə kreditlərinə edilən güzəştlər, kreditlərin ödənilməsi, sosial və standart tələbə kreditləri haqqında media nümayəndələrinin suallarını cavablandırıb.
Tarix: 7-02-2022, 18:00