UTECA-da “Acıq qapı” günü keçirilib
Azərbaycan Texnologiya Universitetində “Acıq qapı” günü təşkil edilib. Rektor, professor Akif Süleymanov valideynlərə bildirib ki, tədris olunan fənlər üzrə tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bakalavr pilləsi üzrə müvəffəqiyyət göstəricisinin 86%, magistratura pilləsi üzrə isə 97% olduğunu qeyd edən rektor əlavə edib ki, imtahan sualları əvvəldən təqdim edilib. İmtahan zalları müşahidə kameraları ilə təchiz edilib. Sessiya müddətində İmtahan Qərargahı fəaliyyət göstərir. Daxil olan müraciətlər Apelyasiya komisiyası üzvlərinin iştirakı ilə araşdırılır və qanunamüvafiq qaydada təmin edilir. Rektor bildirib ki, bu günə qədər komisiyaya 140 müraciət daxil olub ki, onların yarıdan çoxu müsbət həllini tapıb. Yeniliklərdən danışan rektor qeyd edib ki, artıq tələbələr öz nəticələrini universitetin rəsmi saytında müvafiq bölmədən də görə bilirlər.
Daha sonra valideynlər imtahan zallarında olaraq prosesi izləyiblər. Onlara bildirilib ki, imtahanlar test və yazılı üsulla aparılır. Test imtahanları kompyuter vasitəsilə həyata keçirilir. Yazılı imtahanların yoxlanması kodlaşdırma əsasında aparılır ki, bu da tələbənin nəticələrinin şəffaf və obyektiv qiymətləndirilməsinə səbəb olur.
Turizm işinin təşkili ixtisasının ikinci kurs tələbəsi Nərgiz Musayevanın valideyni Gülnar Musayeva imtahanların təşkilini yüksək qiymətləndirib: “Mənim digər övladım Almaniyada təhsil alır. Obyektivlik eynilə oradakı kimidir. Burada da imtahan sualları əvvəldən verilib, tələbə hazırlaşıb müşahidə kameraları altında imtahan verir. Müəllimlər nəticələri yoxlayan zaman cavab kartı anonim saxlanılır. Düşünürəm bu tələbə üçün ən ədalətli üsuldur”.
Biznesin idarəedilməsi ixtisasının I kurs tələbəsi Sevinc Quliyevanın anası Tünzalı Quliyeva: “Qızım bu günə qədər olan imtahanlarını müvəffəqiyyətlə verib. Bilirdim ki, burada ona stimul verən mühit var. Ancaq bir daha əmin oldum. İstənilən tələbə bu şəraiti yaxşı mənada dəyərləndirə bilər.”
6 yanvar tarixindən başlayan qış imtahanları 3 fevraladək davam edəcək.
Tarix: 25-01-2022, 23:02