Qərbi Makedoniya Universitetinin nümayəndə heyəti ADNSU-da
Yunanıstanın Qərbi Makedoniya Universitetinin (University of Western Macedonia) professoru Sarigiannidis Panagiotisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görüşlərə başlayıb. ADNSU ilə Qərbi Makedoniya Universieti HORIZON 2020 proqramı çərçivəsində “ELECTRON: rEsilient and seLf-healed EleCTRical pOwer Nanogrid” layihəsi üzrə tərəfdaşdırlar və Azərbaycana səfərdə məqsəd layihənin maksimal dərəcədə səmərəli həyata keçirilməsi yollarını müzakirə etməkdir.
Yanvarın 24-də Qərbi Makedoniya Universietinin nümayəndə heyəti ADNSU və universitetin nəzdində fəaliyyət göstərən UFAZ-da olub, tədris otaqları və laboratoriyalarla tanış olub, HPC Mərkəzi və Lazer Mərkəzində olublar.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları qəbul edərək onlara universitetin tarixi, beynəlxalq əlaqələri, tədrisin keyfiyyətinin yüksəldilməsində tətbiq olunan müasir proqramlar və layihələr haqda məlumat verib. Rektor M.Babanlı hazırda icrasına start verilən və Avropa İttifaqının HORIZON 2020 proqramının layihələrindən biri olan “ELECTRON” layihəsinin ADNSU üçün də uğurlu olacağına əminliyini bildirib. “ELECTRON” layihəsinə rəhbərlik edən Qərbi Makedoniya Universitetinin professoru Sarigiannidis Panagiotis Azərbaycanda, o cümldən ADNSU-da olmaqdan məmnun olduğunu deyib və bu əməkdaşlığın yüksək nəticələr verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Xatırladaq ki, ADNSU bu layihədə HPC Mərkəzin imkanlarından istifadə etməklə layihənin idarəolunması və koordinasiyası, ELECTRON sisteminin arxitekturası, enerji sistemlərində riskin qiymətləndirilməsi və standartlaşdırılması məsələləri, ELECTRON sisteminin inteqrasiyası və sınaqdan çıxarılması kimi bir sıra funksiyaları yerinə yetirəcək.
Sonra Qərbi Makedoniya Universitetinin nümayəndələri ADNSU-nun professor-müəllim heyəti və tələbələrlə görüşüblər. Görüşdə ADNSU-nun dəvətli professoru, HPC üzrə mütəxəssis Ehsan Musəvi mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib, qonaqları maraqlandıran sualları cavablandırıb. Həmçinin, ADNSU-nun rektorunun İT və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev video-təqdimatla çıxış edərək universitetin tarixi və fəaliyyəti qonaqlara haqqında geniş məlumat verib. Sonra Qərbi Makedoniya Universitetinin nümayəndələri müəllim və tələbələrin suallarını cavablandırıblar.
Qeyd edək ki, Azərbaycanda olduqları müddətdə Qərbi Makedoniya Universitetinin nümayəndə heyətinin bir sıra dövlət qurumları və şirkətlərin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Tarix: 25-01-2022, 14:10