Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texnologiya Universitetində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

 





Azərbaycan Texnologiya Universitetində (UTECA) 20 yanvar faciəsinin 32-ci ildönümü qeyd edilib. Bu münasibətlə universitetdə dizayn ixtisası tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib. Müəlliflər tablolarda xalqımıza qarşı törədilən qanlı faciəni əks etdirməklə, həm də insanların azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir etməyə çalışıblar. 
Daha sonra universitetdə 20 yanvar faciəsinə həsr edilmiş “Vətən məndən başlayır” adlı dəyirmi masa keçirilib. Dövlət himninin səslənidirildikdən sonra 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov bildirib ki, Qanlı Yanvar hadisələrindən təxminən bir qərinə vaxt keçir: “1990-cı ilin 20 Yanvarı Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqın qəhrəmanlıq səhifəsi kimi daxil olub. 32 il əvvəl yaşanan bu tarix milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham etmiş, kəskin   bəyanatla çıxış etmişdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra isə məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi”.
Çıxışlarda qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi.
Professor-müəllim heyəti, eləcə də tələbələrin səsləndirdikləri fikirlərdə qeyd edilib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Bu gün Vətən və onun azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şaddır. Şaddır ona görə ki, Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını düşmən tapdağından azad edibdir. Məhz 20 yanvar - Milli iradənin zəfər çaldığı bu tarix Zəfər gününə gedən yolun başlanğıcı idi.   
Tədbirin sonunda 20 yanvar faciəsinə həs olunmuş videçarx nümayiş etdirilib. 
 
 


Tarix: 21-01-2022, 15:13

Xəbəri paylaş