ADNSU-nun rektorunun tələbələrlə görüşü davam edir
16-17 Sentyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının universitetin II kurs tələbələri ilə görüşü davam edib. Görüş Koronavirus (Covid-19) pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması ilə bağlı müəyyən edilmiş zəruri göstərişlər nəzərə alınaraq keçirilib. Kimya texnologiya, Neft-mexanika və Energetika fakültələrinin ikinci kurs tələbələri ilə görüş zamanı ənənəvi olaraq 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra rektor, professor Mustafa Babanlı universitetdə yeni tədris mövsümünün ənənəvi formatda başlanılması istiqamətində görülən işlər, yardılmış şərait barədə tələbələrə məlumat verib. Universitetin əməkdaşlarının və tələbələrin sağlamlığının və təhlükəsizliyinin vacib olduğunu vurğulayan rektor ölkədə virus əleyhinə aparılan vaksinasiyanın əhəmiyyətindən danışıb. O, qeyd edib ki, ADNSU-nun professor-müəllim heyəti vaksinasiya prosesində aktiv surətdə iştirak etdi və tələbələrin də aktivliyi və vaxtında vaksinasiya olunması çox önəmlidir.
Rektor M.Babanlı tələbələrlə görüş zamanı 2021-2022-ci tədris ilində keyfiyyətli tədris aparılması istiqamətində görülən işlər, tələbə və müəlimlərin üzərinə düşən vəzifələr haqqında danışıb, yeni tədris ilində bütün tələbələrə müvəffəqiyyətlər arzulayıb. Görüş tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.
Tarix: 20-09-2021, 20:51