ADNSU-nun rektoru “British Council-ın Azərbaycandakı ofisi”-nin yeni rəhbəri ilə görüşüb
ADNSU-nun rektoru “British Council-ın Azərbaycandakı ofisi”-nin yeni rəhbəri ilə görüşüb.Sentyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “British Council” təşkilatının Azərbaycana yeni təyin olunmuş rəhbəri Frensis Qardener-Trexo və sabiq rəhbəri Samr Şah ilə görüşüb.
Universitet haqqında yeni təyin olunan rəhbərə ətraflı məlumat verən rektor, professor M.Babanlı “British Council” və universitet arasındakı genişmiqyaslı əməkdaşlığa toxunub. “British Council-ın Azərbaycandakı ofisi” ilə ADNSU arasında 2019-cu ildən müəllim və tələbələrin mühəndislik sahəsi üzrə ingilis dili biliklərinin artırılması məqsədilə həyata keçirilən layihədən danışan rektor, M.Babanlı layihə nəticəsində birinci mərhələdə 90 müəllim və 200 tələbənin ingilis dili biliklərinin əhəmiyyətli dərəcədə təkmilləşdiyini qeyd edib. 2021-ci ilin may ayından qüvvəyə minən müəllim və tələbələr üçün Aptis testləri ilə ingilis dili biliklərinin qiymətləndirilməsi layihəsindən də söz açan rektor M.Babanlı layihə çərçivəsində 80 müəllimin intensiv kurslarda iştirak etdiyini deyib. Rektor M.Babanlı həmçinin qarşıda duran işlərdən və yeni layihələrdən də danışıb. O, növbəti 2021/2022-ci tədris ilinin yay sessiyasında “British Council” təşkilatının dəstəyi ilə 3000-ə yaxın tələbənin dil imtahanın Aptis testləri əsasında keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
“British Council” ilə ADNSU arasındakı əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu deyən “British Council” təşkilatının Azərbaycana yeni təyin olunmuş rəhbəri F. Qardener-Trexo universitetlə yeni layihələrin həyata keçirilməsinə hər cür dəstək göstərəcəyini qeyd edib.
Görüşün sonunda rektor, professor M.Babanlı Samr Şaha fəaliyyətdə olduğu müddətdə ikitərəfli təhsil əlaqələrinin inkişafına və əməkdaşlığa göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, yeni rəhbərlə əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
Tarix: 7-09-2021, 21:00