Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Ali və orta ixtisas təhsili müəssisələrində 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını təşkil etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. Ali və orta ixtisas təhsili müəssisələrində 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası distant (məsafədən) formada keçirilsin. 

2. Müəyyən fənlər üzrə imtahanlar əyani formada keçirildiyi təqdirdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na  riayət olunsun. 

3. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:
- imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər;
- imtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim etsinlər.

4. Elm, ali və orta ixtisas təhsili (N.Məmmədli) və Daxili nəzarət (İ.Mahmudov) şöbələri:
- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş nöqsanlarla bağlı daxil olan məlumatları operativ araşdıraraq bu hallara yol vermiş şəxslər barəsində tədbirlərin görülməsini təmin etsinlər və nəticəsi barədə Nazirliyin rəhbərliyini məlumatlandırsınlar;
- ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışları müzakirəyə təqdim etsinlər.

5. İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (R.Xanlarov) və İctimaiyyətlə əlaqələr sektoruna (C.Valehov) tapşırılsın:
- Nazirliyin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişatı barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumatın verilməsini təmin etsin;
- əmrin Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova tapşırılsın.

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
8 may 2021-ci il
F-215




Tarix: 19-05-2021, 19:57

Xəbəri paylaş