Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Nizami Gəncəvi və ədəbi mirası”




Azərbaycan ədəbiyyatının, milli-mənəvi dəyərlərinin təbliği və inkişafı istiqamətində başlanan ənənələr Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələr kimi ədəbiyyat sahəsini də hər zaman diqqət mərkəzində saxlayır, görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, ədəbiyyatımızın bütün dünyada təbliğ olunması kimi məsələləri daima diqqət mərkəzində saxlayır. Ölkə başçısının son dövrlərdə bu istiqamətdə imzaladığı müvafiq qərar və sərəncamlar klassik ədəbiyyat nümayəndələrinin daha da tanıdılmasına xidmət edir. 2021-ci ilin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə “Nizami Gəncəvi ili” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımız və mədəniyyətimizin görkəmli simalarının təbliği sahəsində atılan növbəti addımdır. Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, poetik aləmin dühası hesab edilən Nizami Gəncəviyə dövlət səviyyəsində verilən dəyər, söz yox ki, onun zəngin irsinin yenidən araşdırılması və təbliği istiqamətində yeni imkanlar açacaqdır.
Mayın 3-də “Nizami Gəncəvi və ədəbi mirası” mövzusunda keçirilən beynəlxalq videokonfransda bütün bunlar barəsndə ətraflı söhbət getmişdir. Gəncə Dövlət Universiteti ilə Türkiyənin Kastamonu Universitetinin birgə təşkil etdikləri videokonfransda dahi şairin bəşəri ideyalarla zəngin olan bədii irsi ətrafında maraqlı fikirlər səsləndirilmişdir.
Konfransı giriş sözü ilə Türkiyənin Kastamonu Universitetinin professoru Orhan Söylemez açaraq iki qardaş ölkənin birgə ədəbi əlaqələrindən, eləcə də dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaratdığı ölməz əsərlərdən danışmışdır. Diqqətə çatdırmışdır ki, Nizami Gəncəvi dünya ədəbiyyatının və mədəniyyətinin nadir şəxsiyyətlərindən biridir. Nizami dühası bu gün də dünya ədəbi-mədəni və ictimai-fəlsəfi fikrində öz mövqeyi olan qlobal əhəmiyyətli fenomenal şəxsiyyətlərdən biridir. Buna görədir ki, dünya ədəbi-elmi fikrində Nizami sənətinə olan maraq heç vaxt azalmır, zaman-zaman ölməz əsərləri istər Qərb, istərsə də Şərq dillərinə tərcümə edilərək bəşəriyyətin mənəvi kamilləşməsi prosesində öz rolunu oynayır.
Sonra videokonfransda Türkiyənin Giresun Universitetinin professoru Beyhan Kesik “Klassik türk ədəbiyyatında Leyli və Məcnun hekayələri”, Kastamonu Universitetinin professorları Abdullah Aydın “Osmanlı şairlərinə görə Nizami Gəncəvi” və professor Vüsale Musalı “Nizami Gəncəvi və Osmanlı ədəbiyyatı”, Gəncə Dövlət Univrsitetinin professorları Mübariz Yusifov “Nizami şəxsiyyəti və Nizamidə obrazlaşdırma haqqında” və Nizamişünas alim Xəlil Yusifli “Nizami Gıncəvinin həyatı ilə bağlı mülahizələr” mövzusunda məruzələrlə çıxış etmişlər.
Məruzəçilər qeyd etmişlər ki, Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, Azərbaycan xalqının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə xidmət göstərir. Söz yox ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi Nizami Gəncəvi irsinin dünyada daha yüksək səviyyədə tanınmasında çox böyük əhəmiyyətə malik olacaqdır. Nizami Gəncəvi yalnız Azərbaycanda deyil, bütün dünyada öyrənilir. Nizaminin əsərləri hələ onun öz dövründə ətraf regionda, o cümlədən Türkiyədə yaxşı tanınırdı və şairin əsərləri çox yüksək qiymətləndirilirdi.
Videokonfrans iştirakçıların arzu və təklifləri ilə başa çatmışdır.

Gəncə Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


Tarix: 3-05-2021, 21:07

Xəbəri paylaş