Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da keçirilən rəsm müsabiqəsinin qaliblərinin təəssüratları








BDU-da keçirilən rəsm müsabiqəsinin qalibi: “Mən qəhrəman xalqın nümayəndəsi olmağımla qürur duyuram və bu əsəri canından keçən şəhidlərimizə, qəhrəman qazilərimizə və cənab Ali Baş Komandana həsr etmişəm” Bildiyiniz kimi, Bakı Dövlət Universitetinin tələbə və magistrantları arasında elan olunmuş “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” onlayn rəsm müsabiqəsinin nəticələri elan olunub. Komissiya üzvlərinin qərarına əsasən qaliblər müəyyəndirilib, qaliblər müvafiq olaraq I yer - 300 manat, II yer - 250 manat, III yer - 200 manat pul mükafatı və diploma layiq görülüblər. Müsabiqənin qalibləri ilə müsabiqə ilə bağlı təəssüratları və rəsm əsərləri haqqında söhbət etdik. Müsabiqənin qalibi, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs magistrantı Fərid Qurbanov: “Vətən müharibəsi xalqımızın birlik simvolu oldu, biz hər birimiz dəmir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdik. Prezidentimizin uzaqgörən siyasəti, hərbçilərimizin rəşadəti və arxa cəbhədə olan hər bir Azərbaycanlının ürəyinin bir vurması ədaləti bərqərar etdi, ordumuz tarixi zəfər çaldı. Qələbənin yetişəcəyini hər birimiz bilirdik və bu qələbə məni bu rəsm işini çəkməyə ilhamlandırdı. Magistratura pilləsində təhsil aldığım Bakı Dövlət Universitetinin Zəfərlə bağlı rəsm müsabiqəsi elan etdiyi vaxt, mən də müsabiqədə iştirak etməyə qərar verdim. Qalib gələcəyim barədə düşünmürdüm, sadəcə müsabiqədə iştirak etmək istəyirdim və istəyirdim ki, zəfərə həsr olunmuş rəsm əsərimi insanlar görsün. 1-ci yerə layiq görülməyim məni cox sevindirdi. Mən qəhrəman xalqın nümayəndəsi olmağımla qürur duyuram və bu əsəri canından keçən şəhidlərimizə, qəhrəman qazilərimizə və cənab Ali Baş Komandana həsr etmişəm.” II yerin sahibi Mexanika-riyaziyyat fakültəsinin 2-ci kurs tələbəsi Çiçək Nəcəfova: “Əslində müsaqibə haqqında qrup yoldaşım mənə məlumat verdi, onun sayəsində qatıldım. Belə müsabiqənin keçiriləcəyi haqda ilk dəfə eşidəndə sevindim. Çünki Qarabağ müharibəsi mövzusunda şəkil çəkməyi özüm də istəyirdim. Nə çəkəcəyimi düşünəndə ağlıma hadisələrin ilk necə başlaması gəldi. Tovuz döyüşləri ilə başladı, 14 iyulda general-mayor Polad Həşimovun şəhid olması ilə daha da böyüdü. İlk onda hiss olundu ki, davamı olacaq. Və haqq savaşımız başladı. Daha sonra gənclər, xalqımın qəhrəman övladları könüllü şəkildə cəbhəyə yollandı. Nəhayət, 28 sentyabrda Dövlətzadə Cəbrayıl generalımız Polad Həşimovun intiqamını aldı. O, ona yaxın erməni qulduru ilə əlbəyaxa döyüşə girib, düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etdi. Çəkdiyim şəkildə əlində xarıbülbül və mərmi tutmuş əl isə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinədir. Və son olaraq çəkdiyim Şuşa məscidi azad olunan mədəniyətimizi təmsil edir. Şuşa məscidinin yanında isə Şuşa şəhərinin azad olunması əməliyyatının rəhbəri general-leytenant Hikmət Mirzəyevdir. Belə bir müsabiqədə yer qazanmağım məni çox sevindirir. Universtetimiz hər zaman belə tədbirlərlə fərqlənir. Həm ixtisasımızı yüksək səviyədə öyrənirik, həm də əlavə bacarıqlarımızı inkişaf etdirik.” III yerin sahibi Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Leyla Əhmədova: “Mən “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” rəsm müsabiqəsində 3-cü yerə layiq görüldüyüm üçün çox sevinirəm. Biz hər zaman milli ordumuza güvənərək, doğma Qarabağımızın geri qaytarılacağına inanmışıq. Qələbə günü yaşadığım sevinci necə və kiminlə bölüşəcəyimi bilmirdim. Universitetimizdə təşkil olunan bu müsabiqəni eşitdikdə Qarabağımızın gözəl guşələrini və qələbə sevincimi əks etdirə biləcəyim bir rəsm hazırlayacağım üçün çox sevinmişdim. Öz igid və qorxmazlığı ilə seçilən oğullarımızdan biri olan, el arasında “topçu Vüsal” adlandırdığımız qəhrəman əsgərimizi təsvir edərək Vətənimizin digər igid əsgərlərini və şəhidləri də yad edə biləcəyimi düşündüm. Həmçinin, azad olunan gözəl torpaqlarımızı da öz əl işimdə əks etdirməyi özümə borc bildim. BDU tələbələrinə öz qələbə sevinclərini əks etdirə biləcəkləri bir müsabiqə keçirdikləri üçün təşkilatçılara və Universitet rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.”


Tarix: 29-03-2021, 23:16

Xəbəri paylaş