Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Yanvarın 6-da Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, sözügedən Memorandumu Azərbaycan tərəfdən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, qarşı tərəfdən isə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Viktor Szederkenyi imzalayıb.
Yeni Memorandum çərçivəsində Azərbaycan vətəndaşları Macarıstanda kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi, təbiət elmləri və davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları və texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri ixtisas istiqamətləri ilə yanaşı tibb elmləri və beynəlxalq münasibətlər sahələri üzrə də təqaüdlü təhsil ala biləcəklər. Eyni zamanda azərbaycanlı gənclər “one-tier” magistr proqramı (bakalavriat və magistratura birgə) təhsil səviyyəsi üzrə də bu ölkənin ali təhsil müəssisələrində təhsil imkanı əldə edə biləcəklər.
Həmçinin ilk dəfə olaraq, Azərbaycan tərəfi Macarıstan vətəndaşları üçün 10 təqaüd yeri təqdim edəcək. Onlar bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə edə biləcəklər.
Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində sıx əməkdaşlıq həyata keçirilir. Bu günədək 2015-2017-ci və 2018-2020-ci illər üzrə Azərbaycan vətəndaşlarının Macarıstanda təqaüdlü təhsili ilə bağlı iki iş proqramı həyata keçirilib. Hər iki proqram üzrə ümumilikdə 1000-ə yaxın Azərbacan vətəndaşı Macarıstanın “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “University of Szeged”, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” kimi aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün ehtiyac duyulan ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.
Tarix: 6-01-2021, 21:24