Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi
2020-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil sahəsində keyfiyyətin davamlılığının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülüb. 2020-ci il bir tərəfdən ciddi sınaqlar ili kimi yadda qalsa da, digər tərəfdən yeni imkanlar ili kimi səciyyələndirilə bilər. Müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə və qarşıda duran vəzifələrin icrasına nail olmaq məqsədilə BŞTİ-nin və idarənin tabeliyindəki ümumi təhsil məktəblərinin imkanları səfərbər edilib.
Təhsil İdarəsindən bildirilib ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. Məktəblərdə 455 994 şagirdin təlim-tərbiyəsi ilə 27 686 müəllim məşğul olur. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44 904, IX siniflərində 35 615, XI siniflərində 20 420, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 149 nəfər təhsil alır.
Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 2020-2021-ci dərs ili üçün 44 904 uşaq qəbul olub.
İlk dəfə olaraq ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.
Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə müsahibənin formasını seçmək imkanı yaradılıb. Valideynlərin seçiminə uyğun olaraq müsahibələr onlayn və ənənəvi (canlı) formada təşkil olunub. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün 2020-2021-ci tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.
Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə I sinfə müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların da I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil edilib.
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb.
Onlayn müsahibə prosesi “Microsoft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilib. Həmçinin yuxarıda qeyd edilən müsahibələrin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apelyasiya Komissiyası fəaliyyət göstərib.
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə yaradılmış alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib. Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə alternativ qeydiyyat mərkəzlərinə gəlmədən, müəyyən edilmiş “Whatsapp” nömrələri vasitəsilə zəruri kömək göstərilib. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar müvafiq normaların qorunması məqsədilə tətbiq olunub.
BŞTİ-nin tabeliyindəki 274 ümumi təhsil müəssisəsində 1092 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 27 min 122 uşaq cəlb olunub. 36 min 923 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb. Ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə (sy.edu.az) həyata keçirilib.
2020-ci ildə 36 min 923 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb. 1082 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə 594, tam orta təhsil (XI sinif) səviyyəsi üzrə isə 488 nəfər fərqlənmə attestatı ilə bitirib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, 2019-2020-ci tədris ili üzrə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb.
Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5-i qızıl, 20-si gümüş, 28-i bürünc medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə, 53 məktəbli uğur qazanıb.
Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə 7000-ə yaxın şagird rəqabət aparıb.Finalda isə ümumilikdə 35 məktəbli qalib olub. 81 bal və yuxarı nəticə göstərən 5 nəfər I, 80 bal toplayan 10 nəfər II, 71 baldan 80 baladək nəticə əldə edən 20 nəfər isə III yerin sahibi olub.
Məntiq olimpiadasının əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların elmə olan marağını artırmaqdan ibarətdir.
Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunub. Həmçinin 5 məzun buraxılış imtahanlarında, 5 məzun isə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə əldə edərək yaşıdlarından fərqlənib.
BŞTİ-nin tabeliyindəki 276 nömrəli tam orta məktəbin məzunu Kərimli Əziz İlham oğlu III ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verib. O, hər iki mərhələnin ümumi nəticələrinə görə, 700 bal toplayıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzununa ən yüksək nəticə göstərərək ali məktəblərə daxil olduqlarına görə Prezident təqaüdü verilib.
BŞTİ-nin tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqəyə 737 şagird qatılıb. Onlardan 337-si müsabiqənin nəticələrinə görə müvəffəq olub.
Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmçinin paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.
2020-2021-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 154, 216, 251 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva iştirak ediblər.
“Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Bakı şəhərində və onun qəsəbələrində 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20,0 (iyirmi) milyon manat vəsait ayrılıb.
Eyni zamanda “2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan tələbələrə təqaüd verilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” və “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” təsdiqlənib.
2020-2021-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə isə “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunub.
Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 187 məktəbdə 720 təmayül sinif təşkil olunub.
Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.
Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 1709 vakansiya təqdim olunub. Müsabiqə və müsahibələr nəticəsində 1691 nəfər işə qəbul olunub. 2020-ci il ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 539 nəfər ilə müddətli müqavilə bağlanılıb.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2020-ci təqvim ili üçün 694 manat təşkil edir. BŞTİ-nin təşkilatçılığı ilə “Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa” aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformanın yaradılmasına nail olmaq məqsədlərinə xidmət edib. “Dəyirmi masa”da xüsusi hallarda daha çevik əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə aydınlıq gətirilib.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 2020-ci təqvim ili üzrə IX sinif şagirdlərinin buraxılış imtahanı (I mərhələ) və I Böyük Summativ Qiymətləndirmənin nəticələri təhlil edilib. Şagirdlərin göstərdikləri nəticələr əsasında hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib. İbtidai siniflərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə paytaxt məktəblərinin IV siniflərində təhsil alan şagirdlərin 2019-2020-ci tədris ili üçün I Böyük Summativ Qiymətləndirmənin nəticələri təhlil edilib, müvafiq hesabat hazırlanıb. Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 674 nəfər V və IX sinif şagirdi üçün Diaqnostik Qiymətləndirmə keçirilib. Diaqnostik Qiymətləndirmə V siniflər üzrə 28 830, IX siniflər üzrə 29 844 məktəblini əhatə edib. Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri nəticələr təhlil edilib, hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, respublikanın 50 ümumi təhsil müəssisəsində inspeksiya layihəsi həyata keçirilib. Bu layihənin həyata keçirildiyi ümumi təhsil müəssisələrinin 25-i BŞTİ-nin tabeliyindəki məktəblərdir.
2020-ci təqvim ilinin mart-may aylarını əhatə etmiş inspeksiya zamanı məktəb sənədlərinin yoxlanılması, dərslərin dinlənilməsi, mərkəzləşdirilmiş imtahanların nəticələri, müəllim, şagird və valideynlər arasında sorğuların keçirilməsi, təhlükəsizlik və sanitariya-gigiyena vəziyyətinin öyrənilməsi həyata keçirilib.
Pandemiya dövründə “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib və ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib. Belə ki, “Məktəblinin dostu” layihəsi Bakı, Abşeron və Sumqayıt üzrə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. “Məktəblinin dostu” layihəsi BŞTİ-nin tabeliyindəki 186 ümumi təhsil müəssisəsini əhatə edir. Layihə çərçivəsində şagirdlərin “Əsgərə salam” aksiyası təşkil olunub. Məktəblilər Vətən müharibəsində rəşadətli ordumuza dəstək olmaq üçün maraqlı videoçarxlar hazırlayıblar. “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, məktəblilər arasıda bir sıra onlayn yarışlar təşkil olunub. Hazırda layihə çərçivəsində məktəblilər arasında “Sülhü birgə formalaşdıraq!” mövzusunda rəsm müsabiqəsi davam edir. Müsabiqə Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Azərbaycan UNESCO Klublarının birgə təşkilatçılığı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəbləri arasında keçirilir.
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üzrə 36 layihə qalib olub.
BŞTİ-nin tabeliyindəki 14 təhsil müəssisəsindən - 12, 59, 95, 195, 176, 234, 18, 30, 163, 173, 38 nömrəli tam orta məktəblərdən və 20, 83, 220 nömrəli məktəb-liseylərdən təqdim olunmuş layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən təqdim edilmiş 22 layihə isə fərdi kateqoriya üzrə qalib olub.
Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində paytaxtın 26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər fəaliyyət göstərir.
BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir. Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.
Təhsil İdarəsi və Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzi fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyəti çərçivəsində Britaniya Şurası Təşkilatı təlimçilərinin moderatorluğu ilə 4 günlük “Müəllimlərin Fəaliyyət Qrupları” və 2 günlük “Debat, Əlaqə, Dialoq” mövzularında təkmilləşdirmə təlimləri keçirilib.
Paytaxtın 126 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.
Təhsil Nazirliyi və Britaniya Şurası Təşkilatının (British Council) birgə təşkilatçılığı ilə “Uğur üçün tədris” layihəsi həyata keçirilib. Bakı şəhəri üzrə layihəyə cəlb olunan 74 ümumi təhsil məktəbinin ingilis dili müəllimi üçün “Metodologiya” təlimləri keçirilib.
Ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti genişləndirilib. BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik akademiya” fəaliyyət göstərir.
“Ümumtəhsil məktəblərində STEAM layihəsinin tətbiq edilməsi” barədə Təhsil Nazirliyinin əmrinə əsasən, paytaxtın 79 ümumi təhsil məktəbində layihə tətbiq edilir. Layihə çərçivəsində müəllimlər üçün təkmilləşdirmə təlimləri keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdlərindən 8-i II dərəcəli diploma, 3-ü III dərəcəli diploma, 1-i isə tərifnaməyə layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgi keçirilib.
BŞTİ-nin rəsmi saytında, sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində yayımlanan virtual sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi-texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunub. “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsində BŞTİ-nin tabeliyində olan məktəblər üzrə 605 məktəbli rayon (şəhər) turunda iştirak etmək hüququ qazanıb. Müsabiqənin ölkə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini təmsil edən 7 şagird iştirak edəcək. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 17 şagirdi “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qalibi olub. Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qalib layihələrdən 38-i Bakı məktəblərindən təqdim olunub. Müsabiqənin ölkə mərhələsinin nəticələrinə görə, paytaxt məktəblilərindən 2-si I yerə, 7-si II yerə, 8-i isə III yerə layiq görülüb.
“Sabahın alimləri” IX Respublika Müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 7 nömrəli tam orta məktəbin şagirdi Emil Rüstəmli, 175 nömrəli tam orta məktəbin şagirdi Nigar Alşanova onlayn şəkildə keçirilmiş İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı uğurla təmsil ediblər.
Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. Eksternat imtahanlarında şagirdlərin təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılır. 2020-ci ildə paytaxt məktəblərində təhsil alan 3 (üç) şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.
Paytaxt məktəbliləri ölkəmizi beynəlxalq arenada uğurla təmsil ediblər. Virtual olaraq keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasının (Cyberspace Mathematical Competition) nəticələrinə əsasən, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva bürünc medal qazanıblar.
“IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında Bakı şəhəri 102 nömrəli tam orta məktəbin şagirdi Ranal Qurbanov gümüş medala layiq görülüb. Virtual formatda keçirilən Avropa Coğrafiya Olimpiadasında Bakı şəhəri 309 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Hüseynli bürünc medala layiq görülüb. Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasına virtual şəkildə qatılmış Bakı şəhəri 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva gümüş medal qazanıb. Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat olimpiadasında Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin şagirdi Elçin Musazadə və 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov bürünc medal qazanıblar. Sankt-Peterburqda keçirilmiş 61-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov həvəsləndirici sertifikata layiq görülüb.
“Microsoft” şirkəti tərəfindən təşkil olunmuş “Imagine Cup Junior” virtual süni intellekt hakatonunda ölkəmizi Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədovanın rəhbərliyi ilə 5 nəfərlik komanda - Bakı şəhəri 27 nömrəli tam orta məktəbdən Elnur Məmmədli, Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Rza Hüseynov və Səid Süleymanov, Zəkalar liseyindən Fərid Əzizov və Şahmar Ağayev təmsil ediblər. Yunanıstan, Xorvatiya, Bolqarıstan, Rumıniya və Rusiyadan olan şagirdlərin iştirak etdiyi tədbirdə II yer tutan komandamız öz təqdimatlarında brakonyerlik probleminin yaradıcı formada həlli yolunu təklif ediblər. Belə ki, onlar brakonyerlik edilən ərazilərdə silahlanmış şəxsləri təyin edə biləcək və süni intellekt dəstəkli kamera sisteminin quraşdırılmasını təklif ediblər. Təklif edilən layihəyə əsasən, brakonyer aşkar edildiyi zaman yaxınlıqdakı dinamiklər işə düşərək, heyvanları qorxudub həmin ərazidən uzaqlaşdıracaq və ən yaxındakı meşə gözətçisini təhlükə barədə xəbərdar edəcək. Komanda, eyni zamanda, cinayətkarların davranışları əsasında brakonyerlik haqqında məlumatların toplanması və təhlili üçün süni intellektdən istifadə etməyi təklif edib.
V Beynəlxalq Meqapolislər Olimpiadasında ölkəmizi təmsil edərək medallara layiq görülmüş 7 məktəblidən biri də Bakı şəhəri 269 nömrəli tam orta məktəbin XI sinif şagirdi Amin Cəlilov olub. O, bürünc medala layiq görülüb.
Tarix: 31-12-2020, 19:11