Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans
Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə dekabrın 25-də “Azərbaycanın ədəbi, mədəni və ictimai-siyasi həyatının fədaisi: Əbdürrəhim bəy Haqverdiyev - 150” mövzusunda videokonfrans keçirilib.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Milli Komissiyanın baş katibi Elnur Sultanov Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin YUNESKO tərəfindən 2020-2021-ci illər üzrə görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylərinin qeyd olunması siyahısına daxil edildiyini bildirib.
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən Şuşada erməni vandalizminin qurbanı olmuş digər tarixi-mədəni irs nümunələrimiz, abidələrlə birlikdə görkəmli ədibin evinin də bərpa ediləcəyini və orada yazıçının ev-muzeyinin yaradılacağını bildirib. 2021-ci ildə nazirlik tərəfindən ədibə həsr olunan sənədli filmin ictimaiyyətə təqdim olunacağını da diqqətə çatdırıb.
Sonra Haqverdiyevin Şuşadakı evinin qalıqlarını əks etdirən videogörüntü nümayiş olunub.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Ə.bəy Haqverdiyevin yaradıcılığında maarif, elm və mədəniyyət məsələlərinin xüsusi yer tutduğunu diqqətə çatdırıb. Bildirib ki, ədib daha çox publisistik yazılarında dövrün bu problemlərinə toxunub. İstər müəllimlik fəaliyyəti, istərsə də ictimai vəzifələrdə olarkən ədib maarifin, elmin və mədəniyyətin inkişafına öz töhfələrini verib.
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi barədə söz açan Firudin Qurbanov məlumat verib ki, layihə çərçivəsində Əbdürrəhim bəy Haqverdiyev haqqında məlumatlandırma aparılıb. 18 dekabr 2020-ci il tarixində Misirin “Aldiplomasy” informasiya portalında nazirliyin bu layihəsi çərçivəsində Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş məqalə yayılıb. Eləcə də, “Avto FM” radiosunda “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Əbdürrəhim bəy Haqverdiyev haqqında məlumatlar təqdim edilib. Nazir müavini, “Azərbaycan müəllimi” qəzetində Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi ilə əlaqədar keçirilmiş onlayn konfranslara dair yazıların dərc edildiyini, ümumi təhsil müəssisələrində ədibin yubileyinə həsr olunmuş “açıq dərs”lər, “dəyirmi masa”ların keçirildiyini, rəsm, foto sərgilərinin təşkil edildiyini, ali təhsil müəssisələrində çalışan alimlərin ədibə həsr olunmuş məqalələr dərc etdiyini və nazirlik tərəfindən görülən digər işləri xatırladıb. Əlavə edib ki, cari ilin dekabr ayında Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən Əbdürrəhim bəy Haqverdiyevın anadan olmasının 150 illiyi münasibətilə “Keçmiş günlər” adlı yaradıcılıq müsabiqəsinə start verilib və hazırda müsabiqə davam edir.
Nazir müavini çıxışında Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən mütəfəkkirlərinin yubileylərinin YUNESKO çərçivəsində qeyd edilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü vurğulayıb.
Sonda çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbi Əlaqələr və Tərcümə Mərkəzinin rəhbəri Səlim Babullaoğlu öz fikirlərini bölüşüb, ədibin diplomat kimi fəaliyyəti barədə söz açılıb. Diqqətə çatdırılıb ki, yazıçının Sankt-Peterburqda yaşadığı ev aşkarlanıb və hazırda Rusiyadakı səfirliyimiz həmin binaya xatirə lövhəsinin vurulması ilə bağlı iş aparır.
Tarix: 26-12-2020, 18:27