Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat vəsait köçürdü

 


       

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının iclası keçirilib. İclasda çıxış edən BDU-nun rektoru Elçin Babayev sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlərin artıq 9 gündür ki, davam etdiyini bildirərək, təcavüzkar Ermənistanın silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan, iri çaplı silahlardan yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutulduğunu qeyd edib. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib. Düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, yüzlərlə canlı qüvvəsi məhv edilib.

Rektor əlavə edib ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulur və bununla da mülki əhalimizə qarşı müxtəlif cinayətlərin törədilməsi davam edir. Erməni qəsbkarları Azərbaycanın Beyləqan, Tovuz, Tərtər, Xızı, Gəncə, Şəmkir, Mingəçevir, Abşeron, Göygöl, Bərdə, Füzuli, Ağdam şəhərlərinə, dinc əhaliyə atəş açıblar.

Rektor qeyd edib ki, mənfur düşmənin təcavüzkar əməllərinə baxmayaraq şanlı Ordumuzun uğurlu döyüşləri nəticəsində torpaqlarımızın azad olunması, Azərbaycan ordusunun düşmən üzərindəki qələləbələri xalqda böyük ruh yüksəkliyi yaradıb. Bu gün hər bir Azərbaycan vətəndaşının ürəyi müzəffər ordumuzla döyünür. Səbirsizliklə qələbələrin davamını və Böyük Qələbə gününü gözləyirik və əminik ki, o gün çox yaxındır.

Sonra professorlar İzzət Rüstəmov, Məhəmməd Mehdiyev, Vasif Babazadə, Şövqisəfa Göyçaylı, Aydın Kazımzadə, Sevinc Hacıyeva, Tapdıq Həsənov çıxış edərək Azərbaycanın haqq mübarizəsindən, ordumuzun qələbələrindən, Azərbaycan Prezidentinin qətiyyətli siyasətindən söz açıb, BDU-nun professor-müəllim heyətinin hər an Ali Baş Komandanın, Şanlı Ordumuzun yanında olduqlarını bildirib, cəbhə üçün, qələbə üçün bütün qüvvələrin səfərbər olduğunu qeyd ediblər.

BDU-nun ağsaqqal professorları təklif ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat yardım edilsin. Təklif böyük ruh yüksəkliyi ilə yekdilliklə qəbul olunub.

       


Tarix: 6-10-2020, 22:23

Xəbəri paylaş