Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq ADNSU-da olub
İyulun 29-da ADNSU-nun rektoru, professor Mustafa Babanlı Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq ilə görüşüb. Görüşdə həmçinin, DAAD Bakı Məlumat Mərkəzinin rəhbəri Hikmət Kamallı, ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov da iştirak edib.
Professor Mustafa Babanlı Almaniya ilə Azərbaycan dövləti arasındakı münasibətlərdən bəhs edərək bildirib ki, dövlətlərimiz arasındakı xoş münasibətlər Alman universitetləri ilə ADNSU arasında əməkdaşlıq əlaqələrinin də inkişafında xüsusi rol oynayır. Təsadüfü deyildir ki, onlarla azərbaycanlı tələbənin Almaniyanın nüfuzlu universitetlərində təhsil alması üçün geniş imkanlar yaradılıb. Görüş zamanı professor Mustafa Babanlı ikili diplom proqramlarının genişləndirilməsi və akkreditasiya olunan ixtisaslardan da danışıb. Bildirib ki, 8 ixtisas beynəlxalq akkreditasiyadan keçib və bu ixtisaslar Almaniyanın iki agentliyi tərəfindən tanınıb. Qarşıdakı tədris mövsümündə 10 ixtisasın da akkretidasiyadan keçəcəyi planlaşdırılır. Professor Mustafa Babanlı görüşdə həmçinin DAAD Bakı Məlumat Mərkəzinin də neçə ildir ki, elmi əlaqələrin genişlənməsində, mübadilə prosesində xüsusi rol oynadığını diqqətə çatdırıb.
Səfir Volfqanq Maniq iki dövlət arasında qarşılıqlı əlaqələrin hər zaman yaxşı olmasının təhsil sahəsindəki əməkdaşlıqda da müsbət tendensiya yaratdığını xüsusi vurğulayıb. Bildirib ki, ikili diplom proqramlarının tətbiqi, həmçinin ADNSU-nun Almaniya universitetləri ilə uğurlu əməkaşlığı üçün əlindən gələni əsirgəməyəcək. O, eyni zamanda əlavə edib ki, Alman Akademik Mübadilə Xidməti Bakı Məlumat Mərkəzi Almaniya universitetlərinin bir nümunəsi olaraq beynəlxalq elm təşkilatıdır. Bu layihə heç bir ölkədə Azərbaycandakı kimi geniş və əhatəli deyil. Görüşdə Azərbaycanda Alman dili kursları ilə də bağlı fikir mübadiləsi aparılıb.
Tarix: 31-07-2020, 23:06