Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr olunmuş onlayn dəyirmi masa keçirilib


 

İyulun 14-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və ictimai xadim, Azərbaycanda fiziologiya elminin banisi, 1944-1950-ci illərdə BDU-nun rektoru olmuş əməkdar elm xadimi, akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr olunmuş onlayn dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan moderator, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov dəyirmi masa iştirakçılarını salamlayaraq Azərbaycanın ilk fizioloq alimi Abdulla Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan elminə böyük töhfələr vermiş Abdulla Qarayev dövlətçilik, elm və təhsil tariximizdə unudulmaz izlər qoyub.
BDU-nun rektoru Elçin Babayev qonaqları salamalayaraq akademik Abdulla Qarayevin çoxşaxəli elmi və ictimai fəaliyyətindən barəsində ətraflı məlumat verib. Bildirib ki, 1938-ci ildə təməli qoyulan eksperimental fiziologiya laboratoriyasının ilk təşkilatçılarından biri tibb elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi Abdulla Qarayev bütün həyatını fiziologiya, biologiya və tibb elmlərinin müxtəlif nəzəri və təcrübi sahələrinin inkişafı işinə həsr edib.
Akademikin BDU-dakı fəaliyyətindən söz açan E.Babayev bildirib ki, 1941-ci ildən müntəzəm olaraq BDU-da çalışmağa başlayan A.Qarayev 1941-1943-cü illərdə Universitetin biologiya fakültəsinin dekanı, 1943-1944-cü illərdə elmi işlər üzrə prorektoru və 1944-1950-ci illərdə isə rektor vəzifələrində çalışıb. Alimin qətiyyətli fəaliyyəti nəticəsində 1950-ci illərin ortalarında Universitet ölkədə ən güclü elmi mərkəzə çevrilə bilib. A.Qarayev tabeliyində çalışan əməkdaşların qayğısına qalıb, onların problemlərinin həllinə əlindən gələni köməyi əsirgəməyib. Bu səbəbdən onun əziz xatirəsi həmişə uca tutulur və böyük ehtiramla yad edilir.
AMEA-nın vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova "Akademik Abdulla Qarayev elmin təşkilatçısı kimi" mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, akademik A.Qarayev bütün həyatını fiziologiya elimin inkişafına həsr edərək tükənməz qüvvəsi və bacarığı sayəsində adını Azərbaycanın elm tarixinə milli fiziologiya məktəbinin yaradıcısı kimi qızıl hərflərlə yazdırırb. Natiq qeyd edib ki, respublikada insan və heyvan fiziologiyası sahəsində fundamental tədqiqatlar aparan ilk akademik qurum məhz onun təşəbbüsü ilə Az.SSR EA-nın Zoologiya İnstitutunda yaradılan Fiziologiya şöbəsi olub. Sonradan Rəyasət Heyəti yanında sektor statusu alan bu qurumun əsasında 1968-ci ildə Fiziologiya İnstitutu təsis olunub. Qeyd edilib ki, bugün akademik Abdulla Qarayevin adını daşıyan Fiziologiya İnstitutu onun rəhbərliyi dövründə irəli sürdüyü ideyaları inkişaf etdirərək respublikada aparılan fizioloji tədqiqatların koordinasiyasını həyata keçirir, gənc kadrların yetişdirilməsinə öz töhfəsini verir.
Daha sonra AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimova "Abdulla Qarayev: görkəmli alim və elm təşkilatçısı", AMEA-nın müxbir üzvü, Azərbaycan Tibb Universitetinin A.İ.Qarayev adına Normal fiziologiya kafedrasının müdiri, professor Arif Məmmədov "Abdulla Qarayevin elmi-pedaqoji fəaliyyəti haqqında", AMEA-nın müxbir üzvü, AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun baş elmi işçisi Rafiq Qasımov "Abdulla Qarayev haqqında xatirələr", BDU-nun İnsan və heyvanfiziologiyası kafedrasının müdiri, dosent Validə Mədətova və  kafedranın dosenti Ruhəngiz Babayeva "Azərbaycanda fiziologiyanın banisi - Abdulla Qarayev", doktorant Həsənova Könül "Abdulla Qarayev - əvəzolunmaz alim və müəllim" mövzusunda çıxış ediblər.
Çıxışlarda akademik Abdulla Qarayevin keçdiyi mənalı ömür yolu, insan kimi humanist xüsusiyyətləri, milli fiziologiya məktəbinin yaradıcısı kimi Azərbaycan elmi istiqamətində gördüyü işlər, dünyada analoqu olmayan Naftalan neftinin, Azərbaycanın şəfaverici sularının (Badamlı, İstisu, Turşsu və s.) və dərman bitkilərindən hazırlanan preparatların insan orqanizminə müalicəvi təsirinin öyrənilməsi istiqamətində apardığı elmi tədqiqatlar, Azərbaycan fizioloqları məktəbinin formalaşdırılması istiqamətində atdığı addımlar, Azərbaycan dilində dərslikləri nəşr etdirməsi, pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Ailə üzvləri adından akademik Abdulla Qarayevin nəvəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Vəfa Adıgözəlova çıxış edərək BDU rəhbərliyinə, AMEA-nın Biologiya və Tibb Elmləri bölməsinə və tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığını çatdırıb.
Onlayn dəyirmi masa Fiziologiya İnstitutunun Abdulla Qarayev haqqında hazırladığı sənədli filmin nümayişi ilə başa çatıb.


Tarix: 15-07-2020, 00:05

Xəbəri paylaş