Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dərsliklərlə bağlı yeniliklər

 


2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur.

Ümumi təhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün bəzi dərsliklər yenidən tərtib edilib, bəziləri isə təkmilləşdirilib. Həmçinin növbəti tədris ilində birinci siniflər üçün “Azərbaycan dili (tədris dili)” və “Riyaziyyat” fənləri üzrə dərsliklər iki hissəli nəşr ediləcək.  Dərsliyin I hissəsi tədris ilinin birinci, II hissəsi isə ikinci yarısını əhatə edəcək.

I siniflər üçün “Musiqi” və “Texnologiya”, V siniflər üçün “Fiziki tərbiyə”, “Rus dili (ikinci xarici dil)” və “İngilis dili (ikinci xarici dil)” dərslikləri ilk dəfədir tərtib edilib. Əvvəllər bu dərsliklər mövcud deyildi və fənnin tədrisi müəllim üçün hazırlanan metodik vəsaitlər vasitəsilə həyata keçirilirdi.

I, V və IX siniflər üçün xarici dil fənni üzrə dərsliklərə müvafiq audio fayllar əlavə edilib. Audio fayllar həmçinin I sinif "Musiqi", V sinif “Azərbaycan dili (dövlət dili)” dərslikləri üçün də hazırlanıb.

Cari ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq. Bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq.

Dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185 699 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulur.


Tarix: 3-07-2020, 09:58

Xəbəri paylaş