BDU-nun onlayn imtahan vaxtı
Dövrümüzün qlobal sağlamlıq böhranına çevrilən koronavirus (COVİD-19) pandemiyası ölkəmizdə bir çox sahələr kimi təhsil sisteminə də təsirsiz ötüşmədi. Bu təsirin nəticəsində cari ilin mart ayından başlayan karantin rejimi ölkənin ali məktəblərində distant təhsilə keçid prosesini aktuallaşdırdı. Pandemiya səbəbilə yaranmış ekstremal vəziyyət zamanı digər ali məktəblər kimi Bakı Dövlət Universitetinin (BDU) bütün fakültələrində onlayn dərs prosesi başlandı və bu, öz səmərəli nəticəsini göstərdi. Azərbaycan RespublikasıTəhsil Nazirliyinin tövsiyə etdiyi “Microsoft Teams” platforması üzərindən 20 mindən artıq istifadəçi hesabı yaradıldı, texniki çətinliklərin aradan qaldırılması məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupu formalaşdırıldı. Platforma BDU tələbələrinin 80%-ni əhatə etdi, ali məktəbin professor-müəllim heyəti tərəfindən 8000-dən çox mühazirə oxundu.
Müəllim-tələbə-tədris əlaqələrinin onlayn formatı Azərbaycan təhsili tarixində ilk dəfə 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının məsafədən təşkil olunmasına da əsas verdi. Universitetin Elmi Şurası COVİD-19 pandemiyası dönəmində imtahan sessiyasının keçirilmə prosesi ilə bağlı tələbəyönümlü qərarlar qəbul edərək, onlara böyük güzəştlər etdi. Tələbələrin sevincinə səbəb olan bu qərarların verilməsi, onların imtahanlara daha həvəslə hazırlaşaraq, yüksək nəticələr əldə etmələrinə stimul yaratdı.
Bütün tələbələrin hər bir fənn üzrə cari qiymətləndirilməsinin 50 bal olaraq müəyyən edilməsi qərarı onların ruh yüksəkliyinə səbəb oldu. Eyni zamanda hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək azaldılaraq sadələşdirildi. Müvafiq ixtisas üzrə tədris planlarında buraxılış kurs tələbələri və magistrantları üçün nəzərdə tutulmuş bütün təcrübələr 100 balla qiymətləndirildi.
Sessiya müddətində imtahanların öncədən təyin olunmuş qaydalara uyğun təşkil olunması məqsədilə lazımı texniki tədbirlər yüksək səviyyədə təşkil edilib. Bununla yanaşı, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə BDU Tələbə Nəzarət Qrupu yaradılıb. BDU-nun rəsmi veb saytında (bsu.edu.az) tələbələrə 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası ilə bağlı tövsiyələr verilib, onların onlayn imtahanlar zamanı nələrə diqqət yetirməli olduqları xatırladılıb. İmtahanlar tərtib olunmuş cədvəllərə uyğun olaraq istirahət və bayram günləri istisna olmaqla iki növbədə - saat 10:00-13:00 və saat 14:00-17:00 aralıqlarında təşkil olunur. Elektron yaddaşa yazılan imtahanlar kafedra müdiri, fənn müəllimi və kafedranın əlavə bir əməkdaşının iştirakı ilə onlayn olaraq keçirilir. İmtahan nəticələri imtahanın gedişində tələbələrə elan edilir və təsdiq üçün aidiyyatı üzrə Tədrisin təşkili və idarə olunması Mərkəzinə və Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinə təhvil verilir.
İmtahanların gedişini rektor, prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilir. Həmçinin tələbə müraciətlərinin operativ araşdırılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərir. Komissiyaya müraciətlər onlayn formada həyata keçirilir.
İyun ayının 8-dən başlayan onlayn imtahan sessiyasının ilk həftəsinə uğurla yekun vurulub. Bu müddət ərzində bakalavriat pilləsində təhsil alan 860 qrup üzrə 19045 tələbə, magistratura pilləsində isə 327 ixtisaslaşmada 246 fənn üzrə 1081 magistrant imtahanlarda iştirak edib. İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
16 fakültə üzrə təhsil alan tələbələr bütövlükdə 4000-ə yaxın fənn üzrə imtahan verəcəklər. Beş həftə ərzində onlayn qaydada şifahi formada davam edəcək yaz semestrinin imtahan sessiyası iyul ayının 10-da yekunlaşacaq.
Bu gündən etibarən isə BDU-nun 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn imtahan sessiyasının ikinci həftəsi start götürür.
Əziz tələbələr, növbəti imtahanlarda sizə uğurlar arzulayırıq!
Tarix: 16-06-2020, 22:45