Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycandakı UNESCO klublarının fəaliyyətinə həsr olunmuş onlayn iclas keçirilib




 UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən UNESCO klublarının fəaliyyətinə həsr olunmuş onlayn iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək Azərbaycanın 28 il əvvəl UNESCO-ya üzv olduğunu, UNESCO ilə münasibətlərin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və təşkilatla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. O, bu əməkdaşlığın genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətlərindən bəhs edib.
Elnur Sultanov, həmçinin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində UNESCO-nun mandatına aid olan təhsil, mədəniyyət, elm, informasiya və kommunikasiya sahələri üzrə ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər barədə təşkilata aidiyyəti məlumatların təqdim edildiyini, eləcə də təşkilatın müvafiq layihə və təşəbbüslərə qoşulduğumuzu qeyd edib.
O, ölkəmizdə UNESCO klublarının fəaliyyətinin Azərbaycan-UNESCO münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyini, klublar tərəfindən təşkilatla əlaqələrimizdə ölkəmiz üçün prioritet olan sahələrdə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb və əsas fəaliyyət istiqamətləri barədə təkliflərini bölüşüb.
Ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov COVID-19 pandemiyasının UNESCO-dan da təsirsiz ötüşmədiyini, təşkilatın məsafədən iş rejimində fəaliyyətini davam etdirdiyini, təhsil və mədəniyyət sahəsində təşkilat tərəfindən irəli sürülən ResiliArt, Qlobal Təhsil Koalisiyası kimi təşəbbüslər və ölkəmizin bu təşəbbüslərə qoşulması barədə ətraflı məlumat verib. O, həmçinin ölkəmizdə UNESCO klublarının yaradılmasının müsbət hal olduğunu vurğulayıb və onlara təşkilatın dəyərlərinin təbliğinə yönəlmiş fəaliyyətində uğurlar arzulayıb.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli ölkəmizdə UNESCO ilə təhsil sahəsində əməkdaşlığa verilən önəmdən bəhs edib, Azərbaycanda UNESCO klublarının fəaliyyətinin intensivləşdirilməsinin, xüsusilə sosial şəbəkələrdə müvafiq layihələrin həyata keçirilməsinin, eləcə də klublar arasında əlaqələndirmənin gücləndirilməsinin vacibliyini qeyd edib.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva ölkəmizdə yaradılmış Gənclər evləri ilə UNESCO klublarının əməkdaşlığının faydalı olacağını, eləcə də digər ölkələrin müvafiq klubları ilə əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
Daha sonra aidiyyəti təhsil ocaqlarında fəaliyyət göstərən UNESCO klublarının koordinatorları tərəfindən onların cari fəaliyyəti və gələcək planları barədə məlumat verilib.
Sonda Azərbaycan UNESCO klublarının koordinatoru Cahangir Hacıyev çıxış edərək klubların yaranması prosesi, onların əsas fəaliyyət istiqamətləri, klubların internet səhifələri və sosial media hesablarının yaradılması və gələcək layihələr barədə danışıb.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Texniki Universitetində, Bakı Avropa Liseyində və 20 saylı məktəb-liseydə 6 UNESCO klubu fəaliyyət göstərir.


Tarix: 13-06-2020, 13:42

Xəbəri paylaş