“Milli Qurtuluş Günü”nə həsr olunmuş beynəlxalq "dəyirmi masa"
İyunun 16-da dünya ölkələrində yaşayan Azərbaycanlı uşaq və gənclər üçün “Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn beynəlxalq "dəyirmi masa" keçiriləcək. Tədbir Təhsil Nazirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.
Onlayn "dəyirmi masa"nın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar-sosial-iqtisadi inkişafın sürətləndirilməsi, xalqın sosial rifahının yaxşılaşması, ölkəmizin dünyada yeri və rolunun möhkəmlənməsi, elm, təhsil, mədəniyyət, idman, incəsənətin sürətli inkişafı, həmçinin onun tarixi qayıdışı ilə Azərbaycanın regionda ən güclü dövlətə çevrilməsi barədə məlumatları dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin diqqətinə çatdırmaqdan ibarətdir.
COVİD-19 pandemiyası ilə əlaqədar onlayn platformada təşkil ediləcək tədbirdə 10-dan çox müxtəlif ölkədə fəaliyyət göstərən Azərbaycan diaspora üzvlərinin 9-14 yaşlı uşaqlarından ibarət 60, ümumilikdə isə 100 məktəblinin iştirakı planlaşdırılır.
Onlayn tədbirdə iqtisadi və siyasi cəhətdən daim inkişaf edən Azərbaycanın dünyaya tanıdılması, uşaq və gənclərin vətənə, xalqa, millətə, eyni zamanda ölkəmizə sədaqət və hörmət ruhunda tərbiyə edilməsi, milli-mədəni irsimizin və müstəqilliyimizin ləyaqətlə qorunub saxlanılması haqqında sənədli film nümayiş etdiriləcək. Bundan əlavə, "dəyirmi masa"da yuxarıda qeyd olunan istiqamətlər üzrə nailiyyətləri olan uşaqlar çıxış edəcək, müvafiq məsələlər ətrafında müzakirələr aparılacaq.
Tarix: 12-06-2020, 10:00