BDU-nun Psixoloji Yardım Sektoru 120-dən çox əməkdaş və tələbəyə psixoloji dəstək göstərib
Dünyanı əsarəti altına alan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə elan olunan karantin rejimi davam edir. Gündəlik həyat tərzinin pozulması, infeksiya ilə bağlı yaranan qorxu kimi mənfi hallarla əlaqədar insanların həyat fəaliyyətində kəskin dəyişikliklər, bəzən psixoloji problemlər, depressiv vəziyyət özünü göstərir. Bu səbəbdən BDU-nun Psixoloji Yardım Sektoru aprel ayının əvvəlindən evdə qalan tələbələrin, eləcə də əməkdaşların mənəvi-psixoloji vəziyyətini nəzərə alaraq rəsmi instagram səhifəsi vasitəsilə onlara dəstək göstərir. Günümüzün sosial insanı üçün ağır və yorucu gələ bilən karantin dövrünün uzanması özü ilə bərabər psixoloji problemləri də artıra bilər.
Məsafədən dəstək göstərdiyi müddət ərzində BDU-nun Psixoloji Yardım Sektoruna 120-dən çox əməkdaş və tələbə müraciət edib. Bu günə kimi ən çox müraciət insanların koronavirus infeksiyasına yoluxma qorxusu, fobiya, həyəcan pozuntuları, özünəqapanma, qidalanma pozuntuları, virusun təkrarlanma ehtimalından yaranan diskomfort, depressiya, sağlamlıqla bağlı narahatlıq və emosional partlamalarla bağlı olub.
Psixoloji yardımın təşkil olunmasında əsas məqsəd çətin vəziyyətdə olan əməkdaş və tələbələrin yanında olmaq, onları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejiminə uyğunlaşmağa kömək etməkdir.
Azərbaycan ali məktəbləri arasında ilk dəfə olaraq BDU-da hələ 2019-cu ilin dekabrında yaradılan psixoloji yardım xidmətinin məqsədi əməkdaş və tələbələrin peşəkar şəxsi inkişaf və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qorumaq, tələbələrin öz bacarıq və qabiliyyətlərinin üzə çıxarmasına yardımçı olmaqdır.
Tarix: 12-05-2020, 21:47