Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyəti
Bugün müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan anadan olmasının 97–ci ildönümüdür. Xalqımızın Ümummilli Liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarına çevrilmişdir. “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən dahi şəxsiyyət azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın, dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirmişdir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı qüdrətli rəhbərlər, cəsur sərkərdələr, tarixi şəxsiyyətlər yetişdirib bəşər tarixinə təqdim etmişdir. Onların hər biri xalqımızın şərəfli adına layiq fəaliyyətləri ilə qiymətli irs qoyub getmişlər. Bugün xalqımız həmin şəxsiyyətlərin parlaq zəkası ilə yazılmış tariximizlə fəxr edir və edəcək. Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu - Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılınası, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdan ulu öndər müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. O dövrdə təsəvvür etmək çətin idi ki, ömrünün müdrik çağında olan və çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyev yenidən hakimiyyətə qayıtsın. Buna rəğmən bu güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib siyasət meydanına atılması xalq və dövlət qarşısında misilsiz fədakarlığı idi. Həmin dövrdə ulu öndər heç bir təhlükədən qorxmadığını və yenidən xalqa ləyaqətlə xidmət edəcəyini hər kəsə bəyan etdi: "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”. Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikcəsinə bacarırdı. O, hər zaman xalqının yanında idi, hər bir vətəndaşa qayğı ilə yanaşır, həmişə xalqın taleyi haqqında düşünürdü. Dahi şəxsiyyət vətən üçün, xalq üçün doğuldu, ölkənin tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Məhz buna görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir. Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət qurub-yaratdığı, şah əsəri olan müstəqil respublikamızın taleyini layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır. Bir zamanlar "Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini səsləndirəndə sanki dahi lider bu günləri görürdü və həqiqətən, bu gün yaşadığımız ölkə Heydər Əliyevin görmək istədiyi məhz həmin Azərbaycandır. Çünki möhtərəm Prezident İlham Əliyev ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla icra edərək, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamının sübutudur. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi bu günlərdə yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq Onun siyasəti yaşayır, qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”. Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə əminlik yaradır. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni və şanlı səhifələrini yazacaqdır. Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.
Cəmil Quliyev
Lənkəran Dövlət Humanitar Kollecinin
müəllimi, tarix üzrə fəlsəfə doktoru
Tarix: 10-05-2020, 17:47