Videodərsə qoşulanda başa düşdüm ki, darıxmışam...
Yeni növ koronavirus həyatımıza o qədər vaxtsız gəldi ki, bütün gündəliyimizə yazdıqlarımızı kəsib atmağa, ən yaxşı ehtimalla, bir müddətlik kənara qoymağa məcbur olduq. Karantinin ilk günlərində vəziyyətə alışmaq daha çətin idi. Çünki kiminin işi, kiminin də dərsi, tapşırıqları yarıda qaldı... Hamı kimi bizim də dərslərimiz bir müddətlik dayandı, amma sonradan biz tələbələrin dərs proqramında axsamamağımız üçün videodərslərin keçirilməsinə başlanıldı.
Bir neçə həftə öncə bizdən xüsusi şifrə və login yaratmaq üçün şəxsiyyət vəsiqələrimizin surətini yığanda, düzü, hələ də işlərin necə olacağını təsəvvür edə bilmirdim. Daha sonra “Microsoft Teams” platformasına daxil olmaq üçün müvafiq istifadəçi adı və şifrə göndərildi. Təxminən bir-iki gün sonra Qəzetdə, Televiziyada praktiki iş fənni, Xarici ölkələrin jurnalistikası tarixi fənnlərindən dərslərə başladıq. Əlbəttə, internet təchizatı ilə əlaqədar və ya digər səbəblərdən qrup yoldaşlarımın bir neçəsi qoşula bilmədi, amma qrupun böyük hissəsi bir yerdə idi.
Proqramı ilk dəfə istifadə etdiyim üçün çox da yaxşı istifadə edə bilmirdim. Elə ona görə də bir az gec qoşuldum dərsə... Sevimli müəllimlərimi görəndə çox sevindim, qəribə hisslər keçirdim. Hər şey eyni idi, çünki təhsil aldığım Jurnalistika fakültəsinin auditoriyalarına daxil olan müəllimlər onsuz da elə ilk günlərdən tələbələrlə tələbə-müəllim münasibətindən əlavə səmimi münasibət qurur, bizim həm dərslərimizlə, həm də dərsdən sonrakı fəaliyyətimizlə mütəmadi maraqlanırlar. İnternet üzərindən baş tutan məsafədən təhsil zamanı da bütün sadaladıqlarım təkrarlanır. Əlbəttə, biz də qrup olaraq müəllimlərimizi diqqətlə dinləyir, suallarımızı veririk.
Bu çətin günlərdə biz bir daha əmin olduq ki, heç bir virus, heç bir bəla ölkəmizdə təhsil sistemini, doğma Bakı Dövlət Universitetində aparılan tədris prosesini ləngidə, tələbələrdə olan entuziazm hissini öldürə bilməz!
Biz bu sınaqdan da birlikdə üzüağ çıxacağıq!..
Nicat Dilqəmli
BDU, Jurnalistika fakültəsinin tələbəsi
Tarix: 21-04-2020, 17:44