Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da online dərslərin gedişatına həsr olunmuş videokonfrans keçirilib

 



Aprelin 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Online dərslərin gedişatının müzakirəsinə həsr olunmuş videokonfrans keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı iclas iştirakçılarını salamlayaraq koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan hökumətinin atdığı addımların sayəsində COVİD-19 infeksiyasından sağalanların sayının yoluxma hallarının sayını üstələdiyini qeyd edib. O, ölkə rəhbərliyinin vəziyyəti düzgün qiymətləndirərək operativ qaydada önləyici tədbirlər həyata keçirməsi sayəsində respublikada koronavirus pandemiyasının təhlükəli hədd almadığını qeyd edib. Rektor M.Babanlı bir sıra ölkələrlə müqayisədə, o cümlədən əhalinin nisbətinə görə, Azərbaycanda koronavirusa yoluxma hallarının vaxtında aşkarlanması üzrə testlərin sayına görə rekord göstəricilərin əldə olunduğunu bildirib və bunu ölkədə güclü səhiyyə sisteminin olması ilə əlaqələndirib. Ölkədə aprelin 20-dək karantin rejiminin qüvvədə olduğunu qeyd edən rektor M.Babanlı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə Azərbaycan Respubikası prezidenti İlham Əliyevin karantin rejiminin davam etdirilməsi və ya yumşaldılması ilə bağlı qərarın situasiyadan asılı olaraq veriləcəyi barədə açıqlamasını xatırladıb və hər kəsi karantin qaydalarına əməl etməyə səsləyib. Rektor M.Babanlı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsindən ödənilməsi barədə hökumətin verdiyi qərara toxunaraq, bu məqsədlə 40 milyon manat vəsaitin ayrılmasına dair humanist qərarın təqribən 16000 ali məktəb tələbəsinə, 6000-dək kollec və texniki-peşə məktəbinin şagirdlərinə şamil olunacağını və 2020-ci təqvim ilini tam əhatə edəcəyini bildirib. ADNSU-da ödənişli əsaslarla təhsil alan tələbələrin sayının nisbətən az olduğunu qeyd edən rektor artıq sosial baxımdan həssas əhali qrupuna aid olan ailələrin üzvü olan ADNSU tələbələrinin siyahısının hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunması istiqamətində işin başlandığını vurğulayıb. ADNSU-nun rektoru M.Babanlı qeyd olunan kateqroyaya aid olan və təhsil haqqını artıq ödəmiş tələbələrə ödədikləri məbləğin geri qaytarılacağını da sözlərinə əlavə edib. ADNSU-da online tədrisin gedişatına toxunan rektor M.Babanlı bakalavriat pilləsində təhsil alan tələbələr üçün online dərslərə martın 29-dan etibarən start verildiyini, aprelin 3-dən magistrlər üçün də internet üzərində dərslərin keçilməyə başladığını söyləyib. Martın 31-dən etibarən dərslərin 100%-nin online formada keçirilməyə başladığını qeyd edən rektor ADNSU-da yüksək standartlara cavab verən elektron universitet sistemi – Unibook fəaiyyət göstərdiyindən universitetin online tədrisə rahatlıqla start verdiyini vurğulayıb. Online dərslərdə iştirakın məcburi xarakter daşımadığını qeyd edən rektor M.Babanlı sonra tələbələrin bu dərslərdə iştirakının gündəlik statistikasını açıqlayıb. Tələbələrin təqribən 85,5%-nin online dərslərdə iştirak etdiyini söyləyən rektor M.Babanlı tələbələrin online tədrisi qiymətləndirməsi məqsədilə sorğunun keçirildiyini bildirib. Sorğuda iştirak edən 2258 tələbənin böyük əksəriyyəti online dərsləri müsbət dəyərləndirib, problem olaraq isə ölkənin bəzi bölgələrində internetin sürətinin zəif  olması qeyd olunub. Rektor M.Babanlı, istehsalat təcrübəsi keçən tələbələrin buraxılış işləri, imtahan prosesinin təşkili, tələbələrin biliklərinin qiymətləndirilməsi, texniki-texnoloji ixtisaslar qrupuna aid fənlər və onların saatları ilə bağlı da fikirlərini bölüşüb. ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Ümumi və Tətbiqi riyaziyyat kafedrasının müdiri, professor Araz Əliyev, Geoloji kəşfiyyat fakültəsinin dekanı Naməd Paşayev və digərləri çıxış edərək rəy və təkliflərini veriblər. Sonda rektor M.Babanlı ADNSU-nun professor-müəllim heyətinə online dərslərin keyfiyyətli şəkildə həyata keçirdiklərinə görə təşəkkürünü bildirib, karantin rejiminin qaydalarına riayət edilməsinə dair hökumətin tövsiyələrini əməkdaşların və tələbələrin diqqətinə bir daha çatdırılmasını tövsiyə
edərək Azərbaycan dövləti və xalqının koronavirus pandemiyası ilə sınaqdan uğurla çıxacağına əminliyini ifadə edib. 


Tarix: 15-04-2020, 18:32

Xəbəri paylaş